Rəqiblərinin azalmasına baxmayaraq, Peugeot 508 ailəsi Avropadakı populyarlığını itirməyə davam edir. Əgər 2019-cu ildə yerli bazarda 41 min “beş yüz səkkiz” modeli satılmışdırsa, keçən il cəmi 23 min avtomobil öz sahibini tapıb. Müqayisə üçün, Peugeot 5008 krossoveri iki dəfə çox satılıb. Buna baxmayaraq, şirkət ən prestijli modelindən imtina etmək niyyətində deyil və bütün ailənin planlaşdırılmış restaylinqini hazırlayıb.
Liftbək və universal ən son Peugeot modellərinin üslubunda yeni simaya sahib olub. Radiator barmaqlığı indi çərçivəsizdir, onun mərkəzində yeni emblem quraşdırılıb və gündüz hərəkət işıqlarının tanınan "dişləri" əvəzinə üç LED zolaq var. Fənərlərin hündürlüyü azaldılıb: artıq bazada matrisalı LED fənərlər var. Qeyd etmək gərəkdir ki, baza versiyası da yaxşı təchiz edilib: fransızlar ilkin Active təchizatından bir neçə il bundan əvvəl imtina ediblər, ona görə də Peugeot 508 modeli yalnız Allure və GT versiyalarında təklif olunur.
Arxa tərəfin dizaynı elə də ciddi dəyişdirilməyib. Fənərlərdəki işıqlanan bölmələr indi maili şəkildə yerləşdirilib, mərkəzdə isə, şir loqosunu böyük Peugeot yazısı əvəzləyib. Yeri gəlmişkən, kuzovdakı nişanların şrifti də dəyişdirilib. Yeni 18-düymlük təkər diskləri var, bununla belə, çeşiddə 17 - 20 düym arasında ölçüləri olan disklər də var. Nəhayət, kuzov rəng palitrasına yenidən baxılıb.
İnteryerdə cüzi yeniliklər baş verib. Ən diqqətəlayiq dəyişikliklər transmissiyanın miniatür selektoru, eləcə də virtual cihazlar panelinin başqa qrafikasıdır. Yeni nəsil i-Connect Advanced media sistemi yenilənmiş formaya, təkmilləşdirilmiş səslə idarəetmə sisteminə və havadan yenilənmə funksiyasına sahib olub. Displey əvvəlki kimi 10-düymlükdür. Daha bahalı və yüksək keyfiyyətli tərtibat materialları da vəd edilib.
Bu yaxınlarda Peugeot 3008 və 5008 krossoverlərində debüt etmiş 1,2-litrlik “turboüçlüyə” əsaslanan yeni hibrid sistemi 508 modeli üçün adaptasiya etməyiblər. Ona görə də, çeşiddəki yeganə hibrid versiya 1,6-litrlik “turbodördlük” və elektrik mühərriki ilə təchiz edilən təkrar doldurulan hibrid versiyasıdır. Əgər əvvəllər Peugeot 508 modelində bu sistemin yalnız 225 at qüvvəli versiyası quraşdırılırdısa, indi 180 at qüvvəli versiya da təklif olunur: o, eyni 110 at qüvvəli elektrik mühərrikinə malikdir, lakin benzin mühərrikinin gücü 180-dən 150 at qüvvəsinə qədər azaldılıb. Hibridlərdə həmçinin yeni dartma batareyası quraşdırılır: onun tutumu 11,8-dən 12,4 kilovat/saata qədər artırılıb.
İlkin 508 modelləri 1,2 PureTech (130 at qüvvəsi) benzin turbomühərriki və ya 1,5 Blue HDI (130 at qüvvəsi) dördsilindrli turbodizel ilə təchiz edilə bilərlər. 1,6-litrlik (218 at qüvvəsi) benzin turbomühərrikləri indi yalnız Afrika, Asiya və Yaxın Şərqə ixrac edilən avtomobillərində quraşdırılır, 2,0-litrlik dizel mühərriki isə, 2020-ci ildə mühərrik çeşidindən çıxarılıb. Eyni zamanda, mexaniki transmissiyadan da imtina edilib: indi bütün Peugeot 508 modelləri səkkiz pilləli Aisin "avtomatına" malikdirlər, lakin hibridlərdə hidrotransformatorun əvəzinə yaş mufta quraşdırılır.
508 Peugeot Sport Engineered adlanan "qaynar" top versiyası da yenilənmədən keçib, lakin onun texniki hissəsi dəyişməyib. Bu, tam ötürməli plagin hibriddir: ön təkərləri elektrik mühərriki (110 at qüvvəsi) və 1,6-litrlik turbomühərrik (200 at qüvvəsi) hərəkətə gətirir, arxa oxda isə 113 at qüvvəli ayrıca elektrik mühərriki quraşdırılıb. Hibrid qurğunun ümumi hasilatı 360 at qüvvəsi və 520 Nm təşkil edir. Belə liftbek və universallar 100 km/saat həddinə 5,2 saniyəyə sürətlənə bilərlər, onlar standart olaraq adaptiv asqıya malikdirlər (ön ötürməli modifikasiya üçün bu opsiyadır).
Avropada yenilənmiş Peugeot 508 modeli yayda satışa çıxacaqdır. Fransada restaylinqdən əvvəlki modellərin qiymətləri 40 820 avrodan başlayır. Çində satılan 508L sedanı da yenilənəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.