Peugeot zavod komandası yeni Peugeot 9X8 sportprototipi ilə dözümlülük yarışlarına qayıdır. 2021-ci ildə kompüter renderi kimi nümayiş etdirilən avtomobil 2022-ci ilin yazında əsl yarış avtomobilinə çevriləcək və iyul ayında FIA World Endurance Championship (Dünya dözümlülük çempionatında) debüt edəcəkdir. Yeni sportprototip indiyə qədər yarışmış ən qeyri-adi görünüşlü yarış prototiplərindən biri olacaqdır. Buna ənənəvi qanadı olmayan kuzov sayəsində nail olunub.

Peugeot dizaynerləri və Peugeot Sport mütəxəssisləri tərəfindən hazırlanmış prototip, yerəbasma qüvvəsinə və döngələrdəki sabitliyə cavabdeh olan arxa antiqanadı olmayan kuzovla fərqlənir.

Bununla belə, prototip inkişaf etmiş ön splitterə, iri arxa diffuzora və bir neçə uzununa “üzgəclər” malikdir. Eyni zamanda, Peugeot firma cizgilərini də qoruyub saxlamaq mümkün olub - “aslan pəncəsi” optikası, i-Cockpit interyeri və Peugeot Sport Engineering rənglərindəki liveriya yerrindədir.

Peugeot 9X8 sportprototipi arxa oxu hərəkətə gətirən bazada yerləşdirilmiş 680 at qüvvəli  2,6-litrlik V6 turbomühərrik, 900 voltluq batareyadan qidalanan və ön oxu hərəkətə gətirən 272 at qüvvəli motor-generatorundan ibarət olan Peugeot Hydrid4 500 kW hibrid güc aqreqatı ilə təchiz edilib.

Tam ötürməli prototipin pik gücü 680 at qüvvəsi ilə məhdudlaşır, lakin elektrik mühərriki və daxili yanma mühərriki həm birlikdə, həm də ayrıca işləyə bilirlər. Peugeot 9X8 sportprototipi 10 iyul 2022-ci il tarixində İtaliyada “Monzanın 6 saatı” yarışında debüt edəcəkdir.

Daha sonra komanda FIA WEC çempionatının daha iki mərhələsinə - Yaponiya və Bəhreyndə keçiriləcək 6 saatlıq yarışlara qatılacaqdır. Peugeot komandası komandası 2023-cü il mövsümündə tam şəkildə iştirak edəcəkdir. Məlum məsələdir ki, komanda ev yarışı sayılan “La Manın 24 saatı” marafonunda da çıxış edəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.