Peugeot şirkəti İsveçrənin Micro firması ilə birlikdə hazırladıqları elektrik mühərriki və rekuperasiya sistemi ilə təchiz edilmiş e-Kick adlanan skuteri təqdim etmişdir. Elektromotor e-Kick skuterinin arxa təkərində, onu qidalandıran litium-ion akkumulyatoru isə platformanın altında yerləşdirilmişdir. Məişət şəbəkəsindən batareyanın doldurulmasına təxminən bir saata qədər vaxt rələb edilir. Dolu batareyanın enerjisindən istifadə edərək 12 kilometr məsafə qət etmək mümkündür.
Skuter 8,5 kiloqramm çəkiyə malikdir və onun maksimal sürəti 25 kilometr-saat təşkil edir. Elektrik enerjisindən istifadə etməklə hərəkət etməzdən öncə skuteri ayaqla itələyərək sürətləndirmək lazımdır. Elektromotor müəyyən edilmiş sürət həddinə çatdıqdan sonra fəaliyyətə başlayır.
Peugeot e-Kick skuterinin rəsmi təqdimatı yeni nəsil Peugeot 3008 krossoveri ilə birlikdə həyata keçirilmişdir. Yeni krossoverin baqaj bölməsində skuterin batareyasının doldurulması üçün xüsusi qidalandırma qurğusu quraşdırılmışdır. Skuterin rəsmi satışlarına bu ilin dördüncü rübündə başlanılmalıdır.