Peugeot şirkəti i-Cockpit interyerinin ikinci nəslini təqdim etmişdir. Yeni interyerin, bu il təqdimatı gözlənilən Peugeot 3008 krossoverində debüt edəcəyi güman olunur. Hündürdə yerləşdirilmiş cihazlar paneli və aşağı hissəsi «kəsilmiş» idmansayağı sükan çarxı olan ilk i-Cockpit interyeri 2013-cü ildə Peugeot 308 hetçbekində nümyiş etdirilmişdi. İnteryerin yeni variantında Peugeot mütəxəssisləri əvvəlki konsepsiyanı daha da inkişaf etdirmişdirlər. Daha geniş görünüş sahəsini təmin etmək üçün cihazlar paneli bir qədər də yüksəldilmiş, sükan isə iki millimetr aşağıda quraşdırılmışdır.

Digər bir dəyişiklik isə, sükan çarxının formasına aiddir. Birinci nəsil i-Cockpit interyerində sükan çarxının ancaq aşağı hissəsi «kəsilmiş» idi, bu dəfə isə sükanın yuxarı hissəsi də «kəsilmişdir». 

Buna səbəb kimi, 308 hetçbekinin sürücülərinin sükanın yuxarı hissəsinin cihazlar panelinə görünüşü bağladığı barədə çoxsaylı şikayətləri göstərilir.

Cihazlar paneli artıq tamamilə rəqəmsal olmuşdur və 12,3 millimetrlik rəngli ekrandan ibarətdir ki, bu ekranda da müxtəlif məlumatları görmək mümkündür.

Misal üçün, virtual cihazlar panelində miltimedia sisteminə quraşdırılmış TomTom naviqasiya sisteminin 3D-görüntülərini müşahidə etmək olar. 

Multimedia sisteminin ekranı isə 8-düymlük sensor ekranıdır. Multimedia sistemi Android Auto, Apple CarPlay və MirrorLink funksiyalarını dəstəkləyir. i-Cockpit interyeri ilə komplektləşdirilmiş avtomobillərin təchizatına iki rejimi - idman «Boost» və «rahatladıcı» Relax rejimi olan səs sistemi və dekorativ işıqlandırma daxildir.

Bundan əlavə, aromatizator və massaj funksiyası olan oturacaqlar da quraşdırıla bilər. i-Cockpit’in yeni variantının seriya avtomobillərində nə zaman tətbiq ediləcəyi məlum deyildir. Çox güman ki, Peugeot 3008 krossoverinin ilk təqdimatı payızda keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.

Image alt Image alt Image alt