Peugeot şirkəti, yelkənli və motorlu qayıqların istehsalçısı olan fransız Beneteau firması ilə birlikdə konseptual yaxta interyerini hazırlayıb. Sea Drive adını alan konsept, fransız markasına məxsus olan i-Cockpit firma üslubunda yaradılıb.
i-Cockpit arxitekturası Peugeot 308 hetçbekində və 3008 krossoverində tətbiq edilir. Avtomobillərin və yaxtanın sükan çarxı və düymələri bənzər dizayna malikdirlər. Bununla belə Sea Drive 17-düymlük sensorlu displeyə və proyeksiya displeyinə sahib olub. “Kapitan körpüsünün” tərtibatında “mis” rəngli tikişləri olan dəridən və “tutqun xrom” rəngli işləmələrdən istifadə olunub. Qayığın əsas funksiyalarının idarə edilməsi sensorlu displeyin köməyi ilə həyata keçirilir. Bu displey vasitəsi ilə işıqlandırmanı, havalandırma sistemini, mühərrikləri, naviqasiyanı və multimedia sistemini idarə etmək mümkündür.
İkinci nəsil i-Cockpit interyeri Peugeot 3008 krossoverində debüt edib. Bu konseptin ilk nəsli 2013-cü ildə Peugeot 308 hetçbekində nümayiş etdirilmişdi. İkinci nəsil i-Cockpit konsepsiyası 12.3-düymlük cihazlar paneli ilə 8,0-düymlük mərkəzi displeyin vəhdətini təşkil edir.