Peugeot şirkəti yenidən bir tonluq pikaplar seqmentinə müdaxilə etmək qərarına gəlib. Peugeot Landtrek adlandırılan model ,keçən ilin payızdan Çində satılan Changan Kaicheng F70 pikapının dizaynı dəyişdirilmiş versiyasıdır. Avtomobillər yalnız kuzovun ön hissəsinin tərtibatı, dekor elementləri və loqotipləri ilə fərqlənirlər.
Peugeot Landtrack modeli tək və ya iki kabinli kuzovla, habelə rənglənməmiş bamperləri olan kommersiya versiyasında və şəxsi istifadə üçün nəzərdə tutulmuş "çoxfunksiyalı" modifikasiyada təklif ediləcəkdir.
Tək kabinli pikapın uzunluğu 5.39 metr, iki kabinli pikapın isə, 5.33 metrdir. Hər iki modifikasiyanın eni 1,92 metr təşkil edir. Versiyadan asılı olaraq, pikapa iki və ya üç avropalet yükləmək olar. Pikapın ümumi yükgötürmə qabiliyyəti 1,2 ton təşkil edir. Peugeot Landtrek ağırlığı 3,5 tona qədər olan qoşqunu yedəyə ala bilər. Pikapın kommersiya versiyasında arxa bamperin olmaması yük bölümünün qapısını 180 dərəcə açmağa imkan verir.
Peugeot Landtrek modelinin mühərrik çeşidinə 150 at qüvvəli (350 Nm) 1,9-litrlik dizel aqreqatı və 210 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,4-litrlik benzin turbomühərriki daxildir. Dizel mühərriki Getrag firmasının 6-pilləli mexaniki ötürmələr qutusu, benzin turbomühərriki isə mexaniki transmissiya, və yaxud Sport və Eco rejimləri olan 6-pilləli Punch “avtomatı” ilə təchiz edilə bilər. Pikapı arxa ötürmə və yaxud transmissiyanın azaldıcı ötürmələr cərgəsinə və differensialın elektron kilidlənməsinə malik olan tam ötürmə sistemi ilə sifariş etmək olar.
Landtrack modelinin klirensi 214-235 millimetr təşkil edir. Pikap 600 millimetrlik dərindliyi olan çay keçidini qət etməyə qadirdir. Onun giriş və çıxış bucaqları, müvafiq olaraq, 29 (30) və 27 (26) dərəcədir. Eniş bucağı - 25 dərəcədir.
Peugeot Landtrek modelinin avadanlıq siyahısına ikizonalı iqlimə nəzarət sistemi, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən, 10-düymlük ekranı və 10 giqabaytlıq sərt diski olan media kompleksi daxildir. Bundan başqa, pikapın təchizatına stabilizasiya (qoşqunun da daxil olmaqla) və trəkşn-kontrol sistemləri, həmçinin eniş köməkçisi və sərnişin tərəfindəki yan güzgüdə kamerası olan dairəvi müşahidə sistemi daxil edilib.
Pikap altı nəfər tutur. Qarşıda iki fərdi kreslo və üçyerli Multiflex divanını da quraşdırmaq olar. Arxa sıra 60:40 nisbətində və ya bütövlükdə qatlanır. Salonda xırda əşyalar üçün27 litrlik bölmə və yeddi tutacaq vardır. Yük platforması LED işıqlandırma və 12 voltluq çıxış ilə təchiz edilibdir.
Yeni Peugeot Landtrek əvvəlcə Latın Amerikası və Afrikada satışa çıxarılacaqdır. Sonradan pikap, Avropa bazarı istisna olmaqla, digər bazarlarda da təklif ediləcəkdir.