İsveçrənin Picasso Automotive şirkəti 660 LMS superkarını təqdim edib. İkiqapılı avtomobil Autotecnica Motori şirkətinin V6 biturbo mühərrikini, Sadev sekvental ötürmələr qutusunu və GALT Smart Pad “ağıllı” əyləc qəliblərini alıb.

Avtomobilin buraxılış sistemi, MotoGP motosikletlərinin səsboğucuları üzrə ixtisaslaşmış SC-Project firması tərəfindən hazırlanır. Bundan başqa, 660 LMS superkarı təkərlərin yol səthi ilə ilişməsinin itirilməsini qabaqcadan proqnozlaşdıra bilən DAI sistemini əldə edib.

Picasso 660 LMS superkarı İsveçrənin San Vittore kommunasında layihələndirilmiş və yığılmışdır. Picasso Automotive şirkətinin baş ofisi və İtaliyanın 3D Beta memarlıq firması tərəfindən yaradılmış beş yığıma stansiyasından ibarət olan istehsal meydançası da burada yerləşir.

Superkarın konstruksiyasında  karbonplastikdən geniş istifadə olunur, ona görə də, avtomobilin çəkisi cəmi 980 kiloqramdır. Xarici kuzov panelləri metal künclüklər olmadan bağlanır. Yan divarlar indiyə qədər bir avtomobildə istifadə edilmiş ən uzun bütöv parçadan (3,24 metr uzunluğunda) hazırlanıb. Bütün belə elementlər İtaliyanın NuTeCo şirkəti tərəfindən hazırlanır.

Asqı sistemi, köndələn alüminium qolları, itələyici çubuqları və tənzimlənən stabilizatorları olan tipik yarış asqısıdır. Müxtəlif ölçülü (öndə - 19, arxada - 20 düymlük) mərkəzi boltu olan təkər disklərinə Pirelli P Zero Trofeo R şinləri taxılıb.

Ön əyləc disklərinin diametri 350, arxaların isə 355 millimetrdir. Tarixdə ilk dəfə olaraq avtomobildə GALT Smart Pad “aktiv” əyləc qəliblərindən istifadə edilib. Onlar real vaxt rejimində temperaturu, təzyiqi, momenti və aşınmanı izləyə bilirlər.

Bundan başqa, Picasso 660 LMS modeli superkarlar arasında Easyrain firmasının DAI (Digital Aquaplaning Information) virtual sensorunu alan ilk avtomobildir. İlkin olaraq, sensor yaş yolları və akvaplanlama təhlükəsini aşkarlamalı idi, lakin 660 LMS modelində o həm də yararsız yol səthi və ya aqressiv idarəetmə səbəbindən zəmin ilə ilişmə qabiliyyətinin itirilməsi barədə də xəbərdarlıq edəcəkdir.

Kupenin salonunda yeddi düymlük sensorlu ekran, yan görüntü kameralarının ekranları və altınöqtəli təhlükəsizlik kəmərləri olan Sabelt idman oturacaqları quraşdırılıb. Şaybadan istifadə edərək ABS, trəkşn-kontrol və yanacaq xəritələri arasında keçid etmək olar.

Picasso 660 LMS superkarı Autotecnica Motori tərəfindən Picasso Automotive şirkətinin tələblərinə uyğun olaraq hazırlanmış 3,0-litrlik altısilindrli alüminium biturbomühərriki və SC-Project firması tərəfindən hazırlanmış titandan buraxılış sistemi ilə təchiz edilir.

İddia edilən hasilat - 660 at qüvvəsi və 820 Nm fırlanma anıdır. Mühərrikin dartma qüvvəsi Sadev firmasının 6-pilləli sekvental transmissiyası vasitəsi ilə arxa təkərlərə ötürülür. Superkar 315 km/saat həddinə sürətlənir və həmin an ona 960 kiloqrama bərabər olan yerəbasma qüvvəsi təsir edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Picasso 660 LM superkarı 21 nüsxəlik tirajla istehsal ediləcəkdir ki, onlardan da 20 nüsxəsi müştəri avtomobilləridir. Picasso Automotive geniş çeşiddə əlavə aksessuarları və fərdiləşdirmə proqramını təklif edəcəkdir. Superkarın qiyməti 820 min avrodan başlayır. İlk avtomobillər gələn il müştərilərə çatdırılacaqlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.