İsveçrənin Piech Automotive şirkətinin iki il bundan öncə keçirdiyi səs-küylü təqdimat yadınızdadırmı? Volkswagen konserninin keçmiş rəhbəri mərhum Ferdinand Pyexin oğlu Toni Pyex tərəfindən yaradılan yeni şirkət böyük perspektivlərinin olduğunu elan etsə də, debütdən sonra radarlardan itmişdi.

Uzun sürən sakitlikdən sonra şirkət yenidən üzə çıxıb. Piech GT elektrik superkarının üzərindəki çalışmalar gecikmə ilə olsa da, davam etdirilir: artıq testlərin ilk mərhələsinə start verilib.

Hələlik, sınaq poliqonunda aparılacaq testlər üçün nəzərdə tutulmuş bir ədəd tam təchizatlı Piech GT kupesi inşa edilib. Xatırladaq ki, hələ avqust ayında, Klaus Şmidtin (BMW M bölməsinin keçmiş mühəndisi) rəhbərlik etdiyi mühəndis və sınaq qrupu Münhendən şirkətin Almaniyanın cənubundakı Memmingen şəhəri yaxınlığındakı yeni bazasına köçüb.

İkinci prototip gələn ilin mart ayında hazır olacaqdır. 2022-ci ilin sonuna qədər isə, şirkət fərqli iqlim şəraitində və əlbəttə ki, Nürburqrinqdə keçiriləcək sınaqlar üçün yeni partiyanı istehsal edəcəkdır.

Prototiplərin kamuflyaja ehtiyacı olmayacaq, çünki Piech Mark Zero şou avtomobilinin iki il əvvəl nümayiş etdirilmiş orijinal görünüşü minimal dəyişikliklərlə seriya modelinə keçəcəkdir. Superkarın ümumi konstruksiyası da əvvəlki kimidir: avtomobil alüminium əsaslı modul platformasında inşa edilib, batareyalar mərkəzi tuneldə və arxa oxun üstündə yerləşirlər.

Kupe hər birinin gücü 204 at qüvvəsi olan üç mühərriklə hərəkətə gəlir. Mühərriklərdən biri ön oxda yerləşir, digər ikisi isə müstəqil olaraq arxa təkərləri hərəkətə gətirirlər. Üçmühərrikli qurğunun ümumi hasilatı təxminən 600 at qüvvəsi olmalıdır.

Piech şirkətinin əsas nou-hausu aşağı daxili müqavimətə malik olan litium-ion batareyalardır. Şirkətdən 75 kilovat-saatlıq batareyanın 80 faizinin CCS2 çıxışı olan istənilən terminalından səkkiz dəqiqədən az müddətdə doldurulacağını bildiriblər. Alman-Çin şirkəti Tgood tərəfindən yaradılan xüsusi yükləmə cihazından istifadə olunması halında isə,bu müddəti beş dəqiqəyə qədər azaltmaq olar! Yeri gəlmişkən, ilkin olaraq batareya üzərindəki çalışmalar Çində aparılsa da, indi bu prosesin "Avropaya yaxında" davam etdiyi bildirilib.

Təxminən 1,8 ton ağırlığında malik olan Piech GT kupesi 100 km/saata üç saniyədən, 200 km/saata isə doqquz saniyədən də az müddətə sürətlənəcəkdir. WLTP dövrünə əsasən, elektrik kupesi dolu batareya ilə 500 kilometr məsafə qət edə biləcəkdir.

Piech şirkətinin hələlik öz zavodu olmayacaqdır. GT modeli tanınmış, lakin indiyə qədər adı açıqlanmayan  avtomobil istehsalçısının müəssisəsində buraxılacaqdır. Satışların başlanğıcı 2024-cü ilin ortalarına planlaşdırılır və şirkət birinci istehsal ilində 1.200 avtomobil buraxmaq niyyətindədir.

Kupenin ardınca, onunla eyni platformanı bölüşən krossover və sedan peyda olacaq,batareyalı elektrik ötürməsi ilə yanaşı, hidrogenlə çalışan güc qurğusunun quraşdırılması da nəzərdən keçirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, Piech şirkəti, avtomobil satışı məsələsində İlon Maskın yolunu davam etdirmək niyyətindədir. Bunun üçün Toni Pyex hətta Tesla şirkətinin Avropadakı satışlarından məsul olan Yoxen Rudatı cəlb edib. Piech markasının ənənəvi diler şəbəkəsi olmayacaqdır və satışları şirkət özü həyata keçirəcəkdir.  Bunun üçün ilk mərhələdə dünya üzrə altmışa yaxın sərgi-salonu açılacaqdır. Üstünlük Avropa, ABŞ və Çinə verilir. Elektromobillərə xidmət göstərmək üçün ayrıca xidmət tərəfdaşları şəbəkəsi yaradılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.