Pininfarina dizayn studiyası İranın avtomobil istehsalçısı olan Iran Khodro şirkəti ilə əməkdaşlıq barədə müqavilə imzalamışdır. Pininfarina şirkəti İran istehsalçısı üçün ən azı dörd modelin istehsalında istifadə ediləcək modul platformasını hazırlayacaqdır. Müqavilənin məbləği 70 milyon avro təşkil edir.
Bu əməkdaşlıq çərçivəsində Pininfarina, eyni zamanda, İran Khodro şirkəti üçün orta ölçülü modelin hazırlanmasına və onun istehsala buraxılmasına da köməklik göstərəcəkdir . Bununla belə, italyan şirkətindən yeni avtomobil barədə heç bir məlumat verilməmişdir. Müqavilə 36 ay müddətinə bağlanmışdır.
Öz növbəsində, Iran Khodro şirkətindən markanın yeni modellərinin yaradılmasında Belçika və Cənubi Koreyadan olan ötürmə qutularının istehsalçılarının və mühərriklər üzrə ixtisaslaşmış alman firmasının da iştirak etdiyini bildirmişdirlər. Lakin, hansı şirkətlərdən söhbət getdiyi açıqlanmamışdır.
İran Khodro şirkəti 1962-ci ildə yaradılmışdır. Öz avtomobilləri ilə yanaşı istehsalçı Renault və Peugeot markasından olan avtomobilləri də istehsal edir. Yəqin ki, bir çox Bakı sakinin keçən əsrin sonlarında şəhərdə şütüyən Iran Khodro avtobusları xatirindədir. Qeyd etmək lazımdır ki, bu avtobuslar çox aşağı kefiyyətə malik idilər.