Bir neçə il əvvəl İtaliyanın Pininfarina dizayn studiyası öz brendi altında avtomobillər istehsal etmək planlarının olduğunu açıqlamışdı. İlkin olaraq, italyan brendi Battista elektrik hiperkarını nümayiş etdirmişdi. İndi isə, ikinci modelin carçısı - konseptual Pura Vision idman krossoveri işıq üzü görüb.
Hələlik yenilik yalnız rəsmi şəkillərdə nümayiş etdirilib və onun tamölçülü ictimai debütü Kaliforniyada keçiriləcək Monterey Car Week festivalında baş tutacaq.
Pininfarina Pura Vision elektrik kross-kupesi Pininfarina şirkətinin e-LUV (electric Luxury Utility Vehicle) adlandırdığı seqmentə aiddir. Şirkət konseptin “Pininfarina brendinin 94-illik irsinin DNT-sini ehtiva edir” və “elektrik dəbdəbəsinin yeni dövrünü açır” kimi ifadələrlə xarakterizə edir, bununla belə, onun texniki göstəricilərini açıqlamayıb.
Pura Vision qeyri-adi nisbətlərə malikdir: uzun kapot, alçaq dam, güclü mailliyə malik olan ön dayaqlar və inkişaf etmiş təkər tağları. Ön tərəfdə ultranazik optika və çıxıntılı elementləri olan bamper, yan tərəflərdə havalandırma dəlikləri olan mürəkkəb ştamplamalar, arxa pəncərənin üstündə isə spoyler quraşdırılıb.
Qapıların açılması sxemi Çinin HiPhi X krossoverini xatırladır: ön qapılar həmişəki kimi hərəkət istiqamətində, orta qapılar Tesla Model X modelində olduğu kimi yuxarıya doğru, arxa qapılar isə hərəkət istiqamətinə qarşı açılır.
Krossoverdə 23 düymlük yüngül lehimli disklər və xarici güzgülər əvəzinə kameralar quraşdırılıb. Pininfarina Pura Vision konseptinin salonu dörd nəfər (2+2 oturacaq formulu ilə) üçün nəzərdə tutulub.
Pininfarina interyer tərtibatında karbon lifindən, 30% Nativa yunundan və 70% təkrar emal edilmiş polyesterdən hazırlanmış parça və yarı anilin dəridən istifadə etdiyini, həmçinin “innovativ” panoram damı quraşdırdığını bildirib.
Ölçülər də açıqlanıb: krossoverin uzunluğu beş metrdən çoxdur, eni (yan kameralar da daxil olmaqla) 2,1 metr, hündürlüyü isə 1,6 metrdir. Pininfarina Pura Vision haqqında təfərrüatlar avqustun 14-də işinə başlayan Monterey Car Week tədbirində açılanacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.