“Avtomobil genləri olan traktor” dedikdə ilk ağla gələn nə olur? Əlbəttə ki, Lamborghini. Lakin bir çoxları Porsche markasını da yada sala bilərlər. Hətta Ford və Mitsubishi markalarını da qeyd etmək olar.
International Harvester barədə məlumatı olanlara ümumiyyətlə “Büllur bayquş” mükafatını vermək olar. Bu cərgədə Fiat markasına da yer tapmaq olar. İtalyan nəhənginin sonradan FiatAgri konqlomeratına çevrilmiş Fiat Trattori bölməsi bu marka altında traktorlar buraxırdı. Özü də Modenada...
Heç də təəccüblü deyil ki, traktorların dizaynı ilə məşhur Pininfarina atelyesi məşğul olurdu. Doğrudur, bu keçən əsrin 70-ci illərində baş vermişdi, lakin tarix təkrarlanmağı sevir. Bu günlərdə italyan atelyesi Anyelli ailəsinə məxsus olan CNH Industrial konserni üçün hazırladığı New Holland Straddle konseptual traktorunu nümayiş etdirib.
New Holland firması 100 illik tarixi olan amerikan kənd təsərrüfatı texnikası istehsalçısıdır. Keçən əsrin 80-ci illərində firma Ford konserninə, 90-cı illərindən isə Fiat konserninə məxsusdur və Iveco, Steyr Tractors, Heuleiz Bus, Magirus və digər markalar ilə yanaşı, CNH Indusrtial qrupuna daxil olan markalarından biridir.
Straddle traktoru üzümlüklərdə işləmək üçün yaradılıb. Özü də yaradıcılarının bildirdiyi kimi, istənilən üzümlükdə deyil, Şampanın, Bordonun və Burqundiyanın “premium-üzümlüklərində”. Bu üzümlüklərdəki tənəklər çox dar cərgələrdə başdırılmışdır.
Əslində Straddle adı da burdan götürülüb və at üstündə hərəkət mənasına gəlir – traktor təkərlərinin arasından bir anda iki tənək cərgəsini buraxan təkər izinə malikdir, mexanizator isə bunların üzərindəki hündür kabinədə oturur. Dörd təkərdən hər biri fərdi elektromotora malikdir, lakin səsboğucu sistemin çıxış borusu və hava girişləri traktorun hibrid güc qurğusu ilə təchiz edildiyindən xəbər verir.
Traktorun eksteryer və interyer dizaynı əvvəllər BMW və Mazda şirkətlərində çalışmış, hazırda Pininfarina studiyasının şef-dizayneri olan Kevin Raysın rəhbərliyi altında yaradılıb. Rays, çətin ki, traktor üzərində çalışmasını dizayner xəyallarının ən yüksək həddi kimi qiymətləndirsin, lakin kənd təsərrüfatı texnikası və kommersiya nəqliyyatı istehsalçılarının sifarişləri italyan dizayner atelyelərinin portfoliosunun vacib hissəsini təşkil edir.
Vaxtılə Fiat ilə çalışmış Pininfarina atelyesi Zetor şirkəti üçün traktor dizaynını yaradıb, Italdesign studiyası isə Lamborghini Trattori, Berqamodan olan SAME firması və alman Deutz-Fahr şirkəti ilə əməkdaşlıq edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.