Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir. Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Avropa Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az bildirir ki, Pirelli ölkəmizdə keçiriləcək ilk yarış üçün Medium, Soft və SuperSoft tərkiblərini gətirəcəyini bəyan etmişdi. Yeni təkər dəsti olan və şəhər traslarında keçirilən yarışlara gətiriləcəyi bildirilən UltraSoft təkərlər Bakıya gətirilməyəcək. Artıq sürücülərin hansı tərkibdən nə qədər sifariş etdiyi açıqlanıb.
Maraqlıdır ki, sürücülər üstünlüyü ən yumşaq təkərlərə veriblər, sərt təkərlərdən isə 1-2 dəst seçiblər.












