Pirelli şirkəti qədim avtomobillər üçün nəzərdə tutulan Collezione şin xəttini Stelvio Corsa təkərləri ilə genişləndirib. Bu təkərlər dünyanın ən bahalı avtomobili olan Ferrari 250 GTO modeli üçün nəzərdə tutulub.
Stelvio Corsa şinləri Ferrari avtomobilinin orijinal şinləri üslubunda yaradılsa da, yeni rezin tərkibinə malikdir.
Bu tərkib yaş yolda asfalt səthi ilə yaxşı ilişməni təmin edir və yeyilməyə qarşı yüksək dözümlülüyə sahibdir. Bu şinlərin istehsalı zamanı Pirelli arxiv fotoşəkillərindən, orijinal spesifikasiyadan və avtoidman aləminin texnologiyalarından istifadə edib. Təkərlər ön öx üçün 215/70 R15, arxa ox üçün isə 225/70 R15 ölçüsündə istehsal edilir.
Stelvio adlı şinlər keçən əsrin 50-ci illərində Pirelli tərəfindən buraxılır və Ferrari formula bolidlərinə quraşdırılırmış. Bu təkərlər Alberto Askarinin iki dəfə çempion olduğu Ferrari 500 modelinə də quraşdırılmışdır.
Ferrari 250 GTO ən bahalı klassik avtomobillərdən biridir. 2014-cü ildə 1962-ci ilin modeli 38 milyon dollara satılıb. 2016-cı ildə britaniya Talacrest şirkəti 250 GTO modelini rekord məbləğə - 45 milyon funt-sterlinqə (62,5 milyon dollar) satışa çıxarıb.