Şayiələrə görə, Volkswagen konserninin keçmiş başçısı Ferdinand Pixin 16 milyon avroya sifariş etdiyi və yeganə nüsxədə buraxılacaq Bugatti hiperkarı dəbdəbəli Type 57 SC Atlantic kupesinin müasir interpretasiyası olacaqdır. Bu barədə fransız istehsalçısı sosial şəbəkələrdə yazdığı statusunda bildirib.
İstehsalçı öz xəbərində Bugatti Type 57 SC Atlantic modelini yenidən yaratmağın mümkün olmadığını yazıb və belə bir sual verib: kupenin dizayn üslubunu XXI əsrin tələblərinə uyğun transformasiya etmək olarmı?
İlkin məlumata görə, dünyanın ən bahalı yeni avtomobilini Chiron Sport modelinin bazasında inşa edəcəkdirlər. Yeni 57 SC Atlantic modeli 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki ilə hərəkətə gələcəkdir.
Məlumdur ki, Bugatti Type 57 SC Atlantic modelindən cəmi dörd ədəd istehsal edilib. Hazırda bu avtomobillərdən yalnız üçü qorunub-saxlanılıbdır. 2010-cu ildə belə avtomobillərdən birini hərracda 30 milyon dollara satıblar. Bu avtomobil fransız markasının 110 illik yubileyinin bayram edilməsinin bir hissəsi olacaqdır. Bugatti şirkəti bu əlamətdar tarixi qeyd etmək üçün 20 ədəd 110 ans Bugatti hiperkarını buraxacağı məlumdur.