Görəsən Lamborghini Urus modelinin Rusiyaya aidiyyəti var? Əfsanəvi İtaliya istehsalçısının Bakı nümayəndəliyində təşkil olunmuş təqdimat mərasimindən dərc etdiyim fotoreportajdan sonra bu sual mənim bostanıma, daha doğrusu «facebook» səhifəmə atıldı.
Uşaqlıqdan yadlmdadır, Salyanda dünyaya göz açıb, bütün ömrünü şoran torpaqlarda yaşamış nənəm hər dəfə Nalçik-Kislovodsk səfərlərindən sonra deyərdi: «məni qınamayın, yerin yaxşısında uruslar olur». Amma bu Urus o uruslardan deyil. «Urus - öküz adıdır» - «facebook» izləyicimə cavabım belə oldu. Əslində Urus konkret öküzün yox, qədim zamanlarda çəmənliklərdə təpik döymüş, iri buynuzlu və bəzi internet «yuzerləri» kimi aqressiv xasiyyətli heyvan növünün adıdır…
Hələ 10 il qabaq «superkar» istehsalçılarından soruşanda ki, SUV seqmentinə ayaq basmaq perspektivinə necə baxırsız, az qala ağzımızdan vurardılar: «Siz nə danışırsız, biz hara SUV hara?» Bu gün isə Maserati Levante, Bentley Bentayga, a kişilər, hətta Rolls Royce Cullinan da reallıqdır! Super-krossoverlər ərəb şeyxlərinin, çin milyonçularının, hollivud ulduzlarının pul kisələrini artlamaq üçün əla vasitə imiş. İstehsalçılar öz modellərinə marketinq baxımndan düşərli adlar verməyə də çalışır: ən dəbdəbəli krossover, ən prestijli SUV, ən sürətli…
Yeri gəlmişkən, ən sürətlisi hansıdır? Sosial şəbəkələrədə Bentley və Lamborghini azarkeşləri modellərin texniki xarakteristikalarını müqayisə edir, hətta höcətləşirlər də. Bəli, Bentley SUV-si saatda 100 sürərtini 4.1 saniyəyə topladığı halda, «lambo» bunu 3.6 saniyəyə edir. Makisimal sürətlərdə də vəziyyət italyanların xeyrinədir - 301:305. Lakin, əlbəttə dəbədəbə məsələlərində ingilislər bir sıra üstünlüyə malikdirlər. Əslində bu mübahisələrə bir açıqlama ilə son qoymaq olar. Hər iki super-puper SUV eyni platforma üstündə qurulub - MLB Evo. Yeri gəlmişklən, Audi Q7 də həmən platformaya malikdir. Bu unifikasiyadır, əzizlərim.
İnternetdə söz atmayın, təhqir etməyin, aqressiv olmayın... Hamımız insanıq axı. Platformamız eynidir…