Alman Pogea Racing tüninq atelyesi Fiat 500 hetçbeki üçün nəzərdə tutulmuş təkmilləşdirmələr proqramını təqdim etmişdir. Tünerlər avtomobili 404 at qüvvəli 1,4-litrlik mühərrik ilə təchiz etmişdirlər. Bu avtomobildən cəmi beş ədəd buraxılacaqdır.
«Ares» adını almış dörd silindrli turbomühərrik standart olaraq 135 at qüvvəsi və 205 Nm fırlanma anı təklif edir. Tünerlər mühərrikə döymə porşenləri, yeni buraxılış sistemini və silindr blokunun başlığını, turbinanı və dirsəkli valı quraşdırmış, həmçinin soyutma sistemini, alışmanı və yanacaq sistemini yaxşılaşdıraraq ikinci benzin nasosunu da əlavə etmişdirlər.
Təkmilləşdirilmiş turbomühərrikin fırlanma anı elektronika tərəfindən 445 Nm həddində məhdudlaşdırılmışdır. Turbomühərrik gücləndirilmiş mexaniki ötürmələr qutusu ilə birlikdə çalışır və 977 kiloqramlıq avtomobili ilk «yüzlüyə» 4,7 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti 288 km/saat təşkil edir. Bu rəqəm testlər zamanı qeydə alınmışdır.
Pogea Racing atelyesi mühərrikə bir illik zəmanət verdiyini bildirmişdir. Tüninq atelyesinin məlumatına görə, modelin sınaqları zamanı təkmilləşdirilmiş mühərrik 12 min kilometri heç bir problem olmadan qət etmişdir. Tüninq atelyesinin nümayəndələrinin bildirdiyinə görə, onlar modelin işlənib-hazırlanmasına dörd il vaxt sərf etmişdirlər.
Bütün bunlardan əlavə, tüninq keçmiş «Çinkvençento» yüksək sürtünməli differensiala, tənzimlənən hündürlüyü və sərtliyi olan KW Clubsport asmasına, daha güclü ön oxa, arxada quraşdırılmış əlavə stabilizatora, 322-millimetrlik diskləri olan əyləc supportlarına və 215/35 ölçülü Michelin Pilot Sport təkərləri ilə təchiz edilmiş 18-düymlük disklərə sahib olmuşdur.
«Qaynar» hetçbek həmçinin karbondan hazırlanmış kuzov elementlərini və xüsusi aerodinamik kuzov dəstini, qara və qırmızı dəri ilə örtülmüş idman oturacaqlarını və yeni səs sistemini əldə etmişdir.
Pogea Racing atelyesindən bildirildiyinə görə, bərkgedən «Çinkvençentonun» hazırlanmasına cəmi 62 min avro xərclənmişdir. Buna baxmayaraq, avtomobilə 58,5 min avro qiymət təyin edilmişdir.