Artıq beş minə yaxın şəxs Polestar şirkətinin ilk modeli olan Polestar 1 hibrid kupesini əldə etmək arzusunda olduqlarını bildirib. Bu barədə məlumatı markanın rəhbəri Tomas İngenlata istinadən “Automotive News” nəşri yayıb.
Hibrid kupeyə olan yüksək tələbat istehsalçını buraxılş həcmini artırmaq barəsində düşünməyə vadar edib. Məlumdur ki, ilkin olaraq, Çinin Çendu şəhərindəki müəssisədə ildə 500 avtomobilin buraxılması planlaşdırılmışdır. İngenlat ın sözlərinə görə, artıq istehsalçı modelin istehsalının iki növbədə aparılması üzərində düşünür.
“Automotive News” Polestar 1 modelinin buraxılacağı zavodun bu ilin ortalarında hazır olacağını, modelin istehsalına isə gələn ilin ortalarında başlanacağını qeyd edib. Hibrid kupeyə sifarişləri yazda qəbul etməyə başlayacaqdırlar.
Polestar 1 kupesi keçən ilin oktyabrında debüt edib. Avtomobil 600 at qüvvəsi və 1000 Nm fırlanm anı hasil edən hibrid güc qurğusuna sahibdir. Yalnız elektrik ötürməsi ilə kupe 150 km/saat həddinə qədər sürətlənmək imkanına malikdir. Polestar 1 modelinin qiyməti 150 min dollardır. Avtomobil aylıq ödənişləri nəzərdə tutan abunəlik yolu ilə satılacaqdır.