Polestar şirkəti Polestar 2 liftbəkini ciddi şəkildə yeniləyib. O, böyük Polestar 3 modelinin üslubunda yeni görünüşə, yeni elektrik mühərriklərinə və dartma batareyalarına sahib olub.
Elektromobilin sadə versiyaları indi arxa ötürmə ilə gəlirlər və onlar restaylinqdən əvvəlki avtomobillərdən 100 km/saat həddinə bir saniyə daha yeyin sürətlənirlər. Standart avadanlıqların siyahısı da genişləndirilib. Buraya qadcetlərin simsiz doldurulması və bir neçə elektron köməkçi daxildir. Avropada ən əlçatan Polestar 2 modelinin qiyməti 50 000 avro olacaqdır.
Yenilənmiş Polestar 2 modeli, vizual olaraq, radiator barmaqlığının yerində quraşdırılmış, radarı və kamerası olan SmartZone paneli sayəsində seçilir. Bu element ilk dəfə Precept konseptində tətbiq edilib.
Seriya modellərindən onu ilk alan avtomobil isə Polestar 3 krossoveri olub. Performance Pack dəstindən olan 20 düymlük təkər disklərinin dizaynı da dəyişdirilib. Bütün digər yeniliklər isə elektrik “içalatın” payına düşüb.
Yenilənmiş liftbək yeni nəsil mühərriklərdən və inventorlardan istifadə edir. Eyni zamanda, başlanğıc versiyalar, XC40 və C40 Recharge modelləri kimi, arxa ötürməli olublar. Onların gücü 170-dən 220 kilovat-a (231-dən 299 at qüvvəsinə), fırlanma anı isə 330-dan 490 Nm-ə qədər yüksəlib.
Bunun nəticəsində 100 km/saata sürətlənmə həddi 1,2 saniyə azalaraq 6,2 saniyə olub. İkimühərrikli Polestar 2, öz növbəsində, nəinki hasilatı artırıb, o həm də tam ötürmə sistemində arxa oxa açıq üstünlük verən tənzimləmələri alıb.
Güc qurğusunun hasilatı indi 310 kilovat (422 at qüvvəsi) və 740 Nm-ə bərabərdir. Xatırladaq ki, yenilənmədən əvvəlki modeldə bu göstərici 300 kilovat (408 at qüvvəsi) və 660 Nm-ə bərabər idi.
Ancaq əvvəlki kimi, proqram təminatının yeniləməsi yolu ilə hasilatı 350 kilovat və ya 476 at qüvvəsinə qədər artırmaq olar. Polestar 2 Dual Motor versiyası 100 km/saata 4,5 saniyəyə sürətlənir. Performance paketi ilə krossover 0,3 saniyə daha yeyin olacaqdır.
Yeni mühərriklərə yeni batareyalar da əlavə edilib: standart versiyalarda 69 kilovat-saatlıq LG Chem blokları, uzunmənzilli Long Ranger versiyalarında isə 82 kilovat-saatlıq CATL batareyaları (əvvəl 78 kilovat/saatlıq) quraşdırılır . Batareyalar 205 kilovata qədər daimi cərəyanlı yükləməni dəstəkləyir və yürüş məsafəsinə yaxşı artım verirlər.
İkimühərrikli Polestar 2 üçün, WLTP dövrünə uyğun olaraq, 592 (+105 kilometr), arxa ötürməli elektrokarlar üçün isə, 518 və 635 (müvafiq olaraq +40 və + 84) kilometrlik yürüş məsafəsi bəyan edilib. Yeni batareyalar ətraf mühitə vurulan zərəri də azaldıblar: optimallaşdırılmış daxili kimya sayəsində, onların istehsalı zamanı havaya əvvəlkindən 1,1 ton daha az istixana qazları buraxılır.
Nəhayət, yenilənmiş Polestar 2 daha zəngin təchizata malikdir. Döndərmə funksiyasına malik olan kor nöqtələrə nəzarət sistemi, çarpaz trafikə nəzarət funksiyası, arxaya hərəkət zamanı toqquşmadan yayınma sistemi və qadcetlərin simsiz doldurulması standart təchizata daxil ediliblər.
Avropada ən əlçatan Polestar 2 modelinin qiyməti 50.000 avrodur. Performance paketli top versiya nəzərəçarpacaq dərəcədə bahadır – onun qiyməti 64 690 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.