Volvo şirkətinin tərkibindən ayrılaraq müstəqil marka kimi fəaliyyət göstərən Polestar firması “2” adlandırdığı fastbek modeli haqqında maraqlı məlumatla bölüşüb. Sən demə, elektriklə hərəkətə gələn Polestar 2 modeli 1,5 ağırlığında qoşqunu yedəyə götürə bilər.
Şirkətdən söhbətin əyləc sisteminə malik olan yedəkdən getdiyini bildirirlər. Buna baxmayaraq, bu göstərici bu sinifdə olan ən yüksək göstəricidir. Məsələn, Polestar modelinin rəqibi olan Tesla Model 3 elektrokarı 910 kiloqramlıq yedəyi qoşquya ala bilər.
“Məhsuldarlıq” termini Polestar üçün təkcə düzlükdə sürətlənmə deyil, həmçinin mətbuat açıqlamasında deyildiyi kimi, “avtomobili müasir həyat tərzində harmonik şəkildə inteqrasiya etmək imkanıdır”. “Müştərilərimizin belə çevikliyə böyük əhəmiyyət veridiyini bilirik, - Polestar şirkətinin icraçı direktoru Tomas İngelat qeyd edib. – Elektrokarların gələcək alıcıları üçün kompromisslərin yoxluğu vacib olacaqdır”.
Polestar 2 isveç markasının ilk kütləvi modelidir. Volvo şirkətinin CMA modul platformasında inşa edilmiş fastbək, ümumi hasilatı 408 at qüvvəsi və 660 Nm olan iki elektromotorla təchiz edilir. 100 km/saat həddinə elektrokar beş saniyəyə sürətlənir. 27 moduldan ibarət olan 78 kilovat-saatlıq batareya bir yükləmədə 500 kilometr (WLTP) qət etməyə imkan verir.