Gözlənildiyi kimi, keçən ilki Qudvud Sürət Festivalında nümayiş etdirilən prototip əbəs yerə inşa edilməyibmiş. Tərtibatçılar bunu inkar etsələr də, onların son məqsədi Polestar 2 liftbəkinin top versiyasını hazırlamaq olub. Özü də, bu prosesi bir neçə mərhələyə bölüblər.
Payızda həmin prototipdən ilham alınaraq firma tüninq paketi yaradılıb: Polestar rəsmi olaraq tam ötürməli 2 modelinin elektrik mühərriklərinin hasilatını 408 at qüvvəsi və 660 Nm-dən 476 at qüvvəsi və 680 Nm-ə qədər artırmağı təklif edir. İndi isə, Polestar 2 BST Edition 270 adlı ayrıca modifikasiya təqdim olunub.
Yeni modelin əsası olaraq həmin firma tüninq paketi ilə təchiz edilmiş tamötürməli Polestar 2 Long Range Performance liftbəki götürülüb. Batareya standart olaraq qalıb - 78 kilovat-saat. Əsas təkmilləşdirmələr şassidə baş verib. Asqıda xarici rezervuarları olan tənzimlənən Öhlins amortizatorları quraşdırılıb, yayların sərtliyi 20% artırılıb, klirens isə 25 millimetr azaldılıb.
21-düymlük yüngülləşdirlmiş disklər kiçik seriya ilə buraxılan Polestar 1 kupesindən götürülüb və onlar Pirelli P Zero şinləri ilə təchiz ediliblər. Bununla belə, opsional Performance paketinə daxil olan dördporşenli Brembo əyləc mexanizmləri yerlərini qoruyub saxlayıblar. Xatırladaq ki, keçən ilki prototipdə altıporşenli mexanizmləri olan daha güclü Akebono ön əyləcləri quraşdırılmışdı.
Zahiri cəhətdən, Polestar 2 BST Edition 270 modeli standart liftbəklərdən yalnız kuzov rəngində olan plastik dəsti (ilkin olaraq - qara) və qara güzgü gövdələri ilə fərqlənir. “İdman” zolaqları üçün əlavə pul ödəmək gərəkdir.
Əyləc supportları, amortizatorlar və təhlükəsizlik kəmərləri Performance paketində olduğu kimi qızılı rəngdədirlər. “Bərkgedən” liftbək 270 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Polestar 2 BST Edition 270 liftbəkləri Avropa, Şimali Amerika və Çində satılacaqlar. Çatdırılmalara cari ilin dördüncü rübündə başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.