Polestar şirkəti eksperimentləri davam etdirir. Keçən yay şirkət Qudvudda keçirilən Sürət Festivalında Polestar 2 liftbekinin daha güclü elektrik mühərrikləri və idman asıqı ilə təchiz olunmuş prototipini nümayiş etdirmişdi. Prototip hələlik seriya modelinə çevrilməyib, lakin onun əsasında firma tüninq paketi hazırlanıb: payızdan başlayaraq, bu paketi Polestar 2 modelinin top versiyası üçün təklif edirlər. Yeni paket sayəsində elektrik mühərriklərinin gücü 408 at qüvvəsidən (660 Nm) 476 at qüvvəsinə (680 Nm) qədər artılr.
İndi isə, Arctic Circle adlanan başqa bir prototip meydana çıxıb. Bu prototip asfalt yarışları üçün deyil, qış rallisi üçün nəzərdə tutulub. Bu layihə Polestar şirkətinin asqılar üzrə mühəndisi Yoakim Ridholmun şəxsi layihəsidir. Layihənin asası olaraq, yuxarıda adı çəkilən tüninq paketi ilə təchiz edilmiş tamötürməli Polestar 2 Long Range Performance versiyası götürülüb. Batareya standartdır – onun tutumu 78 kilovat-saatdır. Əsas təkmillədirmələr isə, elektrokarın hərəkət hissəsində aparılıb.
Polestar 2 Arctic Circle modeli 30 millimetr artırılmış klirensə malikdir. Asqıdakı yayların sərtliyi 30% azaldılıb, kənar rezervuarları olan tənzimlənən Öhlins amortizatorları quraşdırılıb. Prototip OZ Racing diskləri və xüsusi sifarişlə hazırlanmış 245/35 R19 ölçülü şinləri ilə təchiz olunub. Şinlərin hər biri 4 millimetrlik 490 “tikana” malikdir.
Avtomobilin kuzovu da yüngül şəkildə gücləndirilib: baqaj bölümündə gücləndirici metal çubuq, ön bamperin altında isə karbonplastikdən köndələn tir quraşdırılıb.Prototip əlavə LED projektorlara və Recaro yarış kreslolarına malikdir. Bundan başqa, prototipdə sükan çarxında idarəetmə düymələri olan launch control sistemi sınaqdan çıxarılır.
Şirkətdən Polestar 2 Arctic Circle modelinin yeganə nüsxədə inşa edildiyi və onun seriyaya getməyəcəyini bildiriblər. Bu modelin əsasında, məsələn, yeni opsional “Rally Rackage” paketi hazırlana bilər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.