Çin-İsveç markası Polestar 3 və Polestar 4 elektrik krossoverlərini təqdim etsə də, onların istehsalı gecikir. Hələ may ayında proqram təminatı ilə bağlı problemlər ucbatından seriya istehsalının bir neçə ay gecikdiyi və onun bu ilin sonundan tez başlamayacağı bildirilmişdi. Amma digər modellərin hazırlanması qrafik üzrə gedir və artıq şirkət Polestar 5 flaqman sedanının seriyaöncəsi versiyasını nümayiş etdirib.
Bu model üzərində işlər uzun müddətdir ki, davam edir: Polestar Precept konsepti 2020-ci ilin əvvəlində debüt edib, seriya avtomobilinin ilk şəkli isə, 2021-ci ilin payızında dərc olunub. Lakin şirkətin menecerləri çox da ardıcıl deyillər: firma şəkillərdə Polestar 5 modeli kamuflyajsız göstərilsə də, bu günlərdə keçirilən Qudvud Sürət Festivalında nümayiş yarışlarında iştirak edən prototip ala-bəzək örtüyünə malikdir.
Polestar 5 - uzunluğu beş metrdən çox olan sedandır.Onun diqqətçəkən elementi arxa şüşəsi olmayan böyük baqaj qapağıdır. Elektrosedanın əsasını Geely holdinqinin SEA (Sustainable Experience Archtecture) modul platforması təşkil edir. Bu platformadan “üç” və “dörd” modellərində də istifadə olunub. “Beş” modelinin kuzovu əsasən alüminiumdan hazırlanır. Hələlik interyerin rəsmi şəkilləri yoxdur, prototipin interyerinin yeganə şəkli isə, onun dolayı texnologiyalarından istifadə edilməklə yığıldığını göstərir.
Texniki xüsusiyyətlərə gəlincə, yalnız iki mühərrikli top versiyasına aid xarakteristikalar açıqlanıb. Arxa oxda 612 at qüvvəli elektrik mühərriki quraşdırılıb, ön mühərrik isə, 272 at qüvvəsi hasil edir. Elektrik güc qurğusunun ümumi hasilatı 884 at qüvvəsi və 900 Nm-ə bərabərdir! Arxa oxda iki yan muftaları olan ikipilləli reduktor var: onlar dartma vektorunu idarə etməyə imkan verir və ya enerjiyə qənaət etmək üçün eyni vaxtda açıla bilirlər.
Dartma batareyası 800 volt gərginliklə işləyir və 600 kilometrdən çox yürüş məsafəsini təmin edir. Polestar 5 sedanının istehsalına 2024-cü ildə başlanmalıdır, lakin onun rəsmi debüt tarixi hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.