Polestar şirkəti bu ilin mart ayında nümayiş etdirdiyi möhtəşəm O₂ konseptinə əsaslanan seriya kabrioletinin buraxılacağını təsdiqləyib. Şirkətin rəhbəri Tomas İngenlatın sözlərinə görə, ictimayyətin konseptə reaksiyası o qədər coşqun olub ki, onu 6 sıra nömrəsi ilə işarələnəcək seriya kabrioletinə çevirmək qərara alınıb. Polestar 6 kabrioletinə sifarişlər artıq qəbul olunur, lakin hazır avtomobili uzun müddət gözləmək gərəkdir: istehsala tam hazır olmasına baxmayaraq, model yalnız 2026-cı ildə konveyerə gedəcəkdir.
O₂ konseptinin seriyaya gedəcəyi barədə ilk işarə Ingenlat tərəfindən konseptin təqdimatı zamanı verilmişdi: o, şirkətin istehsal üçün uyğun olmayan “mənasız” konseptləri yaratmadığını söyləmişdi. Çox güman ki, avtomobildə baş verəcək əsas dəyişiklik, konsept ilə birlikdə nümayiş etdirilmiş drondan imtina olacaqdır. Dron xüsusi bölmədə yerləşirdi və planlaşdırdığı kimi, yüksəklikdə uçaraq avtomobili izləməli, onun şəkil və video görüntülərini çəkməli idi.
Sərt qatlanan dama malik olan kabriolet 2024-cü ildə satışa çıxacaq Polestar 5 liftbəki kimi, alüminium platformaya əsaslanacaqdır. Yəni kabriolet həm 800 voltluq batareyanı, həm də ümumi hasilatı 884 at qüvvəsi və 900 Nm fırlanma anı olacaq ikimühərrikli elektrik güc qurğusunu alacaqdır. Polestar 6 modeli 100 km/saat həddini 3,2 saniyəyə toplayacaq, onun maksimal sürəti isə, 250 km/saat həddində məhdudlaşdırılacaqdır.
Başlanğıcda Polestar şirkəti 500 nüsxədəın ibarət məhdud saylı tirajla istehsal ediləcək Polestar 6 LA Consept versiyasını buraxacaqdır. Onlardan birini elə indidən, 25 min dollar məbləğində beh verməklə öncədən sifariş etmək olar. Məhdud seriyadan olan kabrioletlər xüsusi Sky mavi rənginə boyanacaq, 21-düymlük təkər disklərini və ekoloji təmiz materiallardan yaradılmış interyeri alacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.