Polestar markasının model çeşidində hələlik iki elektrokar var və şirkət onları üç qitənin on dörd ölkəsində satır. 2020-ci ildə dünya üzrə təxminən 10 min avtomobil satılıb. İndi isə ana şirkətləri olan Geely və Volvo, Polestar şirkətini birjaya çıxmağa hazırlaşırlar və onun səhmlərinin dəyərini artırmaq üçün böyük inkişaf planını yayımlayıblar.
Artıq 2023-cü ildə Polestar otuz bazarda təmsil olunacaq və 2025-ci ilə qədər illik istehsal həcmini 290 min avtomobilə çatdırmalıdır! Təbii ki, bunun üçün model çeşidini genişləndirmək lazımdır və üç yeni model artıq yoldadır.
İlk olaraq, 2022-ci ildə Polestar 3 modeli işıq üzü görməlidir. Bu, ölçülərinə görə Volvo XC90 ilə müqayisə olunan, lakin orijinal kuzovu və daha aqressiv dizaynı olan böyük bir krossoverdir. Elektrik krossoveri təxminən 75 min avroya başa gələcəkdir. Onun ardınca kupeyə bənzər silueti olan və 45 min avroya satılacaq Polestar 4 yığcam krossoveri debüt edəcəkdir.
Hər iki avtomobil gələcəkdə Volvo altmışıncı və doxsanıncı seriyalarının əsasını təşkil edəcək SPA2 modul platforması üzərində inşa ediləcəkdir. Bu avtomobillərin xarakteristikaları açıqlanmasa da, onların ümumi hasilatı 400-480 at qüvvəsi olan ikimühərrikli güc qurğusuna və tam ötürməyə sahib olacağı məlumdur.
Bundan başqa, yeni elektromobillərin Android Automotive OS platformasında çalışan multimedia sistemi və avtopilotla təchiz olunacağı vəd edilib.
Nəhayət, 2024-cü ildə isveç markası üçün dizayn istiqamətini təyin edən Polestar Precept konseptinin seriya versiyası olan Polestar 5 sedanı debüt etməlidir. Yeni elektrik sedanı alçaq dam xəttinə və böyük ehtimalla, krossoverlər ilə eyni texniki hissəyə malik olacaqdır.
Yeri gəlmişkən, hələlik Polestar elektromobilləri yalnız Çində istehsal olunur. Lakin tezliklə elektromobillərin istehsal coğrafiyası genişlənməlidir - 2018-ci ildə açılan və hazırda yalnız Volvo S60 sedanlarının istehsalı ilə məşğul olan ABŞ-dakı (Cənubi Karolina) Volvo zavodu da Polestar elektrokarlarının buraxılması prosesinə qoşulacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.