Volvo şirkəti S60 və V60 modellərinin yenilənmiş «qaynar» variantlarını təqdim etmişdir. Bu avtomobillər bir müddət bundan öncə İsveç istehsalçısının səflərinə qatdığı Polestar firması tərəfindən hazırlanmışdır. Polestar atelyesi sedan və universalın 3,0-litrlik altı silindirli mühərrikini Drive-E ailəsindən olan 2,0-litrlik dördsilindirli turbomühərriklərlə əvəzləmişdir. Volvo nümayəndələrinin iddiasına görə, bu avtomobillər, Volvo şirkətinin tarixində bu günə qədər buraxılmış ən sürətli avtomobillərdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, avtomobillər Drive-E ailəsindən olan benzin mühərrikləri ilə hərəkətə gəlir. Polestar mütəxəssisləri güc aqreqatını daha iri turbina, ötürməli kompressorla və bir sıra yeni hissələrlə təchiz etmişdirlər. Dəyişikliklərin nəticəsi olaraq mühərrikin gücü 367 at qüvvəsi, fırlanma anı isə 470 Nm təşkil etmişdir. Bu göstəricilər altısilindirli mühərrikdə olduğundan 17 at qüvvəsi və 30 Nm çoxdur.
Bundan başqa, yenilənmiş Volvo V60 vıə S60 BorgWarner firmasının istehsalı olan tam çəkiş sistemini, səkkiz diapazonlu avtomatik sürətlər qutusunu və Polestar mütəxəssisləri tərəfindən tənzimlənmiş asqı sistemini əldə etmişlər. Avtomobillər həmçinin, 371-millimetrlik mexanizmləri olan yenilənmiş əyləc sistemi, təkmilləşdirilmiş sükan idarəetməsi və 20-düymlük təkər diskləri ilə təchiz edilirlər.
Yeni güc aqreqatlarının quraşdırılması sayəsində avtomobilləsin çəkisi 20 kiloqram azalməşdır. İndi sedanın çəkisi 1751 kiloqrama, universal kuzovlu modelin isə 1796 kiloqrama bərabərdir.
Yenilənmiş «qaynar» avtomobillər 100 km/saat həddini 4,7 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,2 saniyə yeyindir.
Volvo S60 və V60 Polestar avtomobillərinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat səviyyəsində məhdudlaşdırılmışdır.