Polestar şirkəti Formula 2030 konseptini təqdim edib. Seriya istehsalına buraxılması nəzərdə tutulmayan bu avtomobil markanın gələcək dizayn istiqamətini, eləcə də yeni Polestar 2 və Polestar 7 modellərində istifadə ediləcək bəzi texnologiyaları nümayiş etdirir.

Konseptin uzunluğu 4680 millimetr, hündürlüyü isə cəmi 1350 millimetrdir. Alçaq silueti, enli kuzovu və qabarıq arxa qanadları ona idman avtomobili görünüşü verir. Ön fənərlər aerodinamik elementin daxilində yerləşdirilib, arxa işıqlar isə vahid zolaq əvəzinə ayrı-ayrı “Single Blade” elementlərindən ibarətdir. Avtomobil 22 düymlük təkər diskləri ilə təchiz olunub.

Salonun ən maraqlı xüsusiyyəti sürüş rejimindən asılı olaraq sürücünün iş yerinin fiziki olaraq dəyişməsidir. Performance rejimində 12,2 düymlük mərkəzi ekran aşağı enir, sükan çarxı və onunla birlikdə hərəkət edən 20 düymlük sürücü displeyi isə sürücüyə yaxınlaşır. Autonomous rejimində əksinə, oturacaq və sükan bir-birindən uzaqlaşır.

Konsept dörd fərdi oturacaqla təchiz edilib. Onların hava ilə doldurulan yastıqları və yan dayaqları sərnişinlərin bədən quruluşuna uyğun tənzimlənir. Arxa qapılar geriyə doğru açılır, mərkəzi dayaq olmadığından salona giriş asanlaşır. Oturacaqların arxa hissəsində kətan liflərinin əsasında hazırlanmış kompozit materialdan istifadə edilib.

Polestar Formula 2030-un digər maraqlı yeniliyi fərdiləşdirilə bilən fiziki idarəetmə elementləridir. Mərkəzi ekranın altında yerləşən səkkiz düymənin funksiyalarını istifadəçi özü təyin edə bilər. Bundan əlavə, düymələri müxtəlif formalı mexaniki açarlarla və fırlanan tənzimləyicilərlə əvəzləmək mümkündür.

Konseptin güc qurğusu, dinamik göstəriciləri və yürüş ehtiyatı barədə məlumat verilməyib. Şirkət bu avtomobili texnoloji və dizayn nümayişi kimi təqdim edir. Bununla belə, onun bəzi həllərinin 2027-ci ildə debütü gözlənilən yeni Polestar 2-də, 2028-ci ildə təqdim olunacaq Polestar 7 krossoverində tətbiq ediləcəyi bildirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Polestar 7 modelinin Slovakiyanın Koşitse şəhərindəki Volvo zavodunda istehsalı planlaşdırılır. Avtomobil Volvo texnologiyalarından, o cümlədən batareya hüceyrələrinin kuzov konstruksiyasına inteqrasiyasından və yeni nəsil elektrik mühərriklərindən istifadə edəcək.

Polestar isə öz modellərinin daha idman xarakterli sürüş xüsusiyyətlərini qoruyacağını vəd edir. 

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.