İki il bundan əvvəl Polestar şirkəti brendin gələcək inkişaf istiqamətini nümayiş etdirən Precept konseptini göstrəmişdi. Bu sedan sonradan digər bir konsept üçün - Polestar O₂ kabrioleti üçün ilham mənbəyi olub. İki bölməli qatlanan şüşə damı olan kabriolet markanın elektromobillik sahəsində son texnoloji nailiyyətlərini nümayiş etdirməli idi.
Amma deyəsən, bu konseptin seriyaya getmə ehtimalı var. “Top Gear” nəşrinə müsahibə verən markanın başçısı Tomas İngenlat məqsədinin Polestar O₂ modelinin seriya istehsalı olduğunu bildirib. Lakin o, bunu etməyin asan olmayacağını da bildirib.
Şirkət hələlik bu layihənin necə inkişaf etdiriləcəyi barədə təsvirə malik deyil. “Rəsm əsərini çəkdikdən sonra, onun qurumasını gözləmək gərəkdir. Bir neçə aydan sonra isə, ona yenidən baxıb, rəsmin həqiqətən də yaxşı alındığından əmin olmalısan”, - İngenlat izahat verib.
Başqa sözlə, Polestar 2+2 oturma düsturuna malik olan avtomobili hansısa yolla öz məhsul strategiyasına uyğunlaşdırmalıdır. Hazırda Polestar əsas diqqəti daha çox kütləvi elektromobillərə - Polestar 3 və Polestar 4 krossoverlərinə yönəldib.
Kabrioletə gəlincə isə, onun 2024-cü ildə seriyaya gedəcək Polestar 5 idman sedanının törəməsi kimi təsəvvür etmək olar. Kabriolet istehsalı dayandırılmış Polestar 1 kupesinin əvəzinə markanın flaqmanı rolunu öz üzərinə götürə bilər.
Polestar O₂ konsepti markanın gələcək avtomobillərinin əsaslanacağı alünimium platformasında inşa edilib. O₂ konseptinin eksteryer dizaynı yaxın zamanlarda Polestar 5 qran-turerinə çevriləcək Precept konseptindən götürülüb.
Konseptin salonu Tesla modelindəki kimidir: interyer minimalizmi ilə fərqlənir, ön panelin mərkəzində multimedia sisteminin 15-düymlük şaquli ekranı yerləşir, kəsilmiş sükan çarxının arxasında isə lakonik cihazlar paneli dayanır.
Adından da göründüyü kimi, O₂ konseptində üstünlük ekologiyaya verilib: salondakı müxtəlif alüminium detallar onların utilizasiyasını asan etmək üçün işarələnmişdirlər. Avtomobilin oturacaqları da eyni məqsədlər üçün bir növ termoplastikdən hazırlanıblar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.