Polestar markası istehsala hazır olan idman kupesindən sonra, elektrik hetçbekini və iri krossoveri buraxmağı planlaşdırır. Bu barədə Autocar nəşrinə verdiyi müsahibəsində Volvo şirkətinin sabiq baş dizayneri və hazırda Polestar şirkətinə başçılıq edən Tomas İngelat bildirib.
Şirkət rəhbəri Polestar 1 kupesinin markanın bayraqdarı olduğunu, lakin, markanın gələcəyi üçün daha əlçatan və ekzotik olmayan modellərə ehtiyac duyulduğunu söyləyib. Onlardan ilkinin, 2019-cu ildə istehsalına start veriləcək ortaölçülü Polestar 2 hetçbekinin olacağı bildirilib. Bu model Tesla Model 3 elektromobili ilə rəqabət aparacaqdır.
Polestar avtomobillərinin özünəməxsus dizaynı olsa da, onların salon arxitekturası Volvo avtomobillərindən götürüləcəkdir. Bu istehsal xərclərinin azaldılmasına və gərək olan keyfiyyət səviyyəsinin qorunub-saxlanmasına yardım edəcəkdir. Bundan başqa, ana şirkət Polestar ilə əsas avadanlıqlar və təhlükəsizlik sistemləri ilə bölüşəcəkdir.