Polo deyildikdə əksər insanların ağlına ilk olaraq polo köynəklər gəlir. Halbuki Polo Palto adlnanan üst geyim müasir kişi qarderobunun ən seçilən klassik predmetlərindən biridir. Mənşəyini polo idmanından alan bu ikonik palto zamanla funksional idman geyimindən eleqant kişi dəbinin ayrılmaz hissəsinə çevrilib. Bu gün isə o, italyan eleqantlığının, yüksək dərzilik ənənəsinin və Sprezzatura üslubunun ən parlaq simvollarından biri hesab olunur.
Polo Palto – iki bortlu, uzun və düz kəsimli, geniş yaxalı, arxa hissəsində yarım kəmər və ön hissəsində iri tikmə ciblərlə xarakterizə olunan klassik kişi palto modelidir.
Polo Palto kişi qarderobunun ən eleqant və çoxfunksiyalı üst geyimlərindən biridir. Klassik görünüşü, rahat biçimi və yüksək keyfiyyətli materialları sayəsində həm rəsmi, həm də gündəlik kombinlərə mükəmməl uyğunlaşır. Dərzilik sənətinin incə detallarını özündə birləşdirən bu palto zamansız üslubu, praktikliyi və dəbdəbəli görünüşü eyni anda təqdim edir.
Əgər klassik eleqantdlıqla müasir rahatlığın balansını axtaranlar üçün Polo Palto uzun illər dəbdən düşməyəcək ən uğurlu seçimlərdən biridir.
Sual oluna bilər ki, Polo Palto niyə bu qədər tərzlidir? Polo Palto təkcə soyuq havalarda isti saxlayan bir üst geyim deyil. O, eyni zamanda zövqü, üslubu və keyfiyyəti nümayiş etdirən bir geyimdir.
Polo Palto kostyum və ya klassik geyimlə mükəmməl uyğunlaşır. Səliqəli silueti peşəkar görünüş yaradır, eyni zamanda soyuq havalarda komfort təmin edir.
Həmçinin uzun boğaz sviter, cins və ya çino şalvarla birlikdə həm rahat, həm də zövqlü görünüş yaradır. Şəhər gəzintiləri, kafelər və dostlarla görüşlər üçün ideal seçimdir.
Qış toyları, rəsmi tədbirlər və axşam mərasimlərində Polo Palto klassik eleqantlığı ilə seçilir və obrazı tamamlayır.
Soyuq fəsillərdə həm istilik, həm də zəngin görünüş təmin edir.
Polo Paltonun tarixi
Polo Paltonun tarixi XIX əsrdə İngiltərədə başlayır. İlk nümunələr polo oyunçularının fasililərdə isinməsi üçün hazırlanmışdı. O dövrdə paltolar əsasən saf dəvə tükündən tikildiyinə görə "dəvə tüklü palto" adı ilə də tanınırdı.
İlk modellər geniş biçimli, düyməsiz və kəmərlə bağlanan formada idi. Sonradan XX əsrin əvvəllərində ABŞ-da, xüsusilə Ivy League universitetlərinin tələbələri arasında böyük populyarlıq qazanır. 1920–1930-cu illərdə isə klassik kişi dəbinin simvollarından birinə çevrildi.
Bu gün Polo Palto dünyanın hər yerində qış mövsümünün ən prestijli kişi üst geyimlərindən hesab olunur.
Polo Paltosunun əsas xüsusiyyətləri
İki bortlu dizaynlı ənənəvi Polo Palto altı və ya səkkiz düyməli, ikiqat düymələnən kəsimə malik olur. Bu dizayn daha güclü və eleqant siluet yaradır. Müasir kolleksiyalarda tək düyməli minimalist modellərə də rast gəlinir.
Ənənəvi Polo Paltolar dəvə tükündən hazırlanırdı. Bu gün isə daha uzunömürlü və davamlı olması üçün yun və dəvə tükü qarışıqlarından geniş istifadə edilir. Populyar material seçimləri isə saf yun (ing. Merino Wool) davamlı və praktik seçimdir. Yun-kaşemir qarışığı isə daha yumşaq və lüks hiss yaradır. Tvid klassik ingilis üslubunu sevənlər üçün ideal variantdır.
Rənglərə gəldikdə isə ən məşhur seçim dəvə tükü rəngidir (ing. Camel). Bununla yanaşı sürməyi (tünd mavi), boz və zeytun rənglər də geniş istifadə olunur.
Müasir modellərdə “qaz ayağı” (ing. Houndstooth) və “yolka” (ing. Herringbone) naxışları, eləcə də daha cəsarətli rənglərə də rast gəlinir.
Paltonun yaxası da digərlərindən fərqlidir və Ulster yaxası adlanır. Geniş və qaldırıla bilən Ulster yaxası Polo Paltosunun ən tanınan elementlərindəndir. Bu detal soyuq havalarda boyun nahiyəsini küləkdən daha yaxşı qoruyur.
Əksər müasir modellərdə arxa hissədə yarım kəmər yerləşir. Bu detal bel xəttini vurğulayaraq daha eleqant siluet yaradır. Minimalist modellərdə isə bu element olmaya da bilər.
Böyük böyük yamaq qapaqlı ciblər həm funksionaldır, həm də Polo Paltosunun idman mənşəyini qoruyub saxlayan klassik detallardandır.
Büldəki arxa yarıq və ya qat daha rahat hərəkət etməyə imkan verir və paltunun oturuşunu düzənləyir.
Qollardakı qatlanan manjetlər həm dekorativ görünüş yaradır, həm də soyuq havalarda əlavə istilik təmin edir.
Ənənəvi modellərdə təbii buynuz düymələrdən istifadə olunur. Müasir variantlarda isə yüksək keyfiyyətli metal, keyfiyyətli plastik və digər materiallardan düymələrə də rast gəlinir.
Polo Palto seçərkən nələrə diqqət etmək lazımdır?
Düzgün seçilmiş Polo Palto uzun illər istifadə edilə bilən predmetdir. Ən ideal variant fərdi ölçü ilə tikilən Made to Measure və ya Bespoke modellərdir. Bununla belə, düzgün ölçüdə seçilmiş hazır model də eyni dərəcədə uğurlu seçim ola bilər.
Seçim zamanı müəyyən məqamlara diqqət yetirmək məsləhətdir.
Çiyin hissəsi ideal oturmalı, palto bədəni sıxmadan rahat görünməlidir.
Uzunluğu dizdən bir qədər yuxarı bitən modellər müasir görünür. Daha klassik üslub üçün uzun modellər seçilə bilər. Uzunluq diz kapağının ortasına qədər yaxud sonuna qədər olması daha zəngin obraz yaradır.
Yun və yun qarışıqları həm davamlı, həm də isti saxlayır. Az miqdarda polyester və poliamid kimi materialların olması formanı saxlamaq üçün əlavə olunur.
Rəng olaraqdəvə rəngi, tünd göy və boz ən universal variantlardır.
Üstdən tikmə ciblər, yarım kəmər və keyfiyyətli düymələr paltunun xarakterini müəyyənləşdirir.
Polo Palto klassik kişi dəbinin ən uğurlu nümunələrindəndir. O, rahatlığı, istiliyi və eleqantlığı bir geyimdə birləşdirərək həm gündəlik həyat, həm də rəsmi tədbirlər üçün ideal seçim təqdim edir.
Zəngin tarixi, zamansız dizaynı və geniş istifadə imkanları sayəsində Polo Palto keyfiyyətə, klassik üsluba və uzunömürlü geyimlərə üstünlük verən hər bir kişinin qarderobunda yer almağa layiqdir.












