Hyundai komandasının belçikalı pilotu Tyeri Nevil Polşa rallisinin birinci günün lider olaraq tamamlayıb. O, M-Sport komandasının pilotu Ott Tanyak və Toyota pilotu Yari-Matti Latvalanı cüzi fərqlə üstələyib.
Günün iki əsas xüsusi hissəsində qələbə çalan belçikalı rəqiblərindən 1,5 saniyə fərqlə liderliyə yüksəlib. Günün tamamlayan və tamaşaçı dopu olan Mikolajki Arena’da Nevil üçüncü olsa da bu ona XH10-nun qalibi Ott Tanyakın önündə 1,3 saniyə fərqlə qalmağa kifayət edib. «Mən şənbə günü start mövqeyinin vacib olacağını bilirdim. Buna görə də lider qalmağa çalışırdım», - Nevil bildirib. Liderdən fərqli olaraq Tanyak, tamaşaçı dopu istisna olmaqla heç bir xüsusi hissədə qalib gələ bilməyib. Bununla belə, Sardiniya rallisinin qalibi marşrut boyu sabit temp nümayiş etdirərək yaxın təqibçisi Yari-Matti Latvalanı 5,3 saniyə üstələməyə müvəffəq olub.
«Sabahkı gün həlledici olacaq. Şənbə xüsusi sahələrinin əksər hissəsi yeni marşrut üzrə salınmışdır. Bizi uzun məsafəli və mürəkkəb doplar gözləyir. Hava bu günki kimi olarsa, hər şey baş verə bilər» - Tanyak bildirib.

Səhər hissəsində dəyişkən hava şəraitində liderlik edən Latvala, tənzimləmələr ucbatından lazımi tempi tapmayaraq üçüncü yerə geriləyib.
Bununla belə o, yarışı dördüncü davam edən Sebastyen Ojyeni yarım dəqiqə üstələyib. Yarışa birinci başlayan dördqat dünya çempionu, gün ərzində idarəetmə problemindən və yağışlı hava şəraitində trayektoriyanı seçmək çətinliyindən şikayət edib. Nahardan sonra bütün sahələrdə yeddincilikdən yuxarı qalxa bilməyən fransız pilot günü liderdən 35 saniyə geridə qalmaqla tamamlayıb.
«Mən imkanlarımın son həddində hərəkət edib var gücümlə hücuma keçdim. Yeyin olmamağımın səbələrini araşdırmaq gərəkdir. Ümid edirdim ki, günümüz uğurlu keçəcək. Günün sonunda alın şüşəsi çatladı və buna görə də mənim görünüş dairəm məhdudlaşdı. Çətin günün mürəkkəb sonu», - deyən Ojye belə izahat verib.
Öz növbəsində Hyundai pilotu Hayden Paddon Ojyedən 4,5 saniyə geridə qalmışdır. Yeni zalandiyalının ardınca günü onun komanda yoldaşı Dani Sordo tamamlayıb. XH7-də qələbə çalan M-Sport komandasının debütantı Teemu Sunninen sürprizə imza ataraq günü yeddinci tamamlayıb. «Bu həqiqətən belədirmi?» - qələbə xəbərini alan fin pilot soruşub. Səkkizinci yeri Yuho Hanninen,(Toyota) doqquzuncu və onuncu yerləri isə, Stefan Lefevr (Citroen) və Mads Ostberq (Ford) tutublar.