"Auto Express" nəşrinin iddiasına görə, 718 Cayman modelinin yeni modifikasiyası hazırlanır. Porsche Cayman T adlandırılacaq kupe, Porsche 911 T modeli kimi daha çox idarəetməyə köklənəcəkdir. Üstəlik, avtomobil daha əlçatan qiymətə təklif edilən GT avtomobil olacaqdır.
Porsche şirkətinin model xəttində Cayman S və Cayman GTS modellərinin arasında qərarlaşacaq kupe 360 at qüvvəli 2,5-litrlik dörd silindrli mühərrik ilə hərkətə gələcəkdir. Cayman T modeli daha nazik şüşələr, yarış oturacaqları və parçadan hazırlanmış qapı çəkəcəyi ilə təchiz ediləcəkdir. Üstəlik, audiosistemdən də imtina ediləcəkdir. Bütün bu dəyişikliklər Cayman S modeli ilə müqayisədə 20 kiloqrama yaxın çəkiyə qənaət etməyə imkanı verəcəkdir.
Eyni zamanda, Cayman T idman buraxılış sisteminə, klirensi 10 millimetr azaldan Sport Chrono dəstinə və 20-düymlük təkər disklərinə də sahib olacaqdır. Bu modifikasiyanın təklif edilməsi Porsche 718 Cayman modelinin cari nəslinin son illərini yaşadığından xəbər verir. Modelin yeni nəslinin 2020-ci ildə debüt edəcəyi ehtimal olunur.