Porsche şirkəti yeni nəsil 911 sportkarının açıq variantı olan 911 Cabriolet modelini təqdim edib. Kabriolet iki modifikasiyada – Carrera S və Carrera 4S variantlarında təklif edəcəkdir. Kabriolet yüksək sürətlərdə tavanın şişməsinin qarşısını alan maqneziumdan təhlükəsizlik qövsləri, həmçinin 12 saniyəyə yumşaq tavanı qatlayan hidravlik mexanizmə sahib olub.
Arxadançəkişli Carrera S Cabriolet və tamçəkişli Carrera 4S Cabriolet 450 at qüvvəsi hasil edən 3,0-litrlik turbokompressorlu “oppozit” mühərriki ilə təchiz edilir. Güc aqreqatı yeni səkkiz pilləli iki muftalı PDK “robotu” ilə tandemdə çalışır. Porsche 911 Carrera S Cabriolet 100 km/saat həddinə 3,9 saniyəyə, Carrera 4S isə 3,8 saniyəyə sürətlənir. Opsional Sport Chrono dəsti ilə bu göstəricilər, müvafiq olaraq 3,7 və 3,6 saniyə təşkil edir. Kabrioletlərin maksimal sürəti 306 (Carrera S) və 304 (Carrera 4S) km/saat təşkil edir.
İlk dəfə olaraq, Porsche 911 kabrioleti üçün qısaldılmış və daha sərt yayları, gücləndirilmiş stabilizatorları və 10 millimtr azaldılmış klirensi olan Porsche Active Suspension Managment (PASM) təklif ediləcəkdir. Bundan başqa, Porsche 911 Cabriolet idarəetmə elektronikasının Wet Mode rejiminə malik olacaqdır. Bu rejimdə daha çox yerəbasma gücünün hasil edilməsi üçün mühərrikin, Carrera 4S modelində isə, eyni zamanda tam çəkiş sisteminin iş alqoritmi dəyişir. Sistem təkər tağlarına dəyən suyun intensivliyini təhlil edərək, sürücüyə tənzimləmələrdə müvafiq profili aktivləşdirməyi təklif edəcəkdir.
Porsche 911 Carbriolet modelinin təchizatına parklanma assistenti, istilik vizoru olan gecə görüntü sistemi, Road Trip səyahət planlaşdırıcısı, 24 saatlıq 360+ virtual konsyerji və zərərli tullantıların kalkulyatoru daxil edilibdir. Sonuncu CO2 tullantılarının fərdi səviyyəsini hesablayaraq, zərərli tullantıları kompensasiya etmək üçün yaşıllaşdırmaya və günəş stansiyalarının inşasına pul köçürə bilir.