Porsche şirkəti Nürburqrinqdə yeni rekorda imza atıb. Bu dəfə rekordu Porsche 911 GT2 RS MR superkarı qeydə alıb – ümumi yollarda istifadə hüququna malik olan superkar 20,6 kilometrlik “Şimal ilgəyini” 6 dəqiqə 40,3 saniyəyə qət edib.
Porsche 911 GT2RS MR Nio EP9 elektrik hiperkarından və Lanzante atelyesinin hazırladığı McLaren XP1 LM superkarından yeyin olub. Avtomobili rekord yürüşünə Porsche mühəndisləri ilə Manthey Racing mühəndisləri birlikdə hazırlayıblar. Lakin, istehsalçı baş vermiş dəyişikliklər barədə məlumat verməyib. Superkarın sükanı arxasında adi Porsche 911 GT2 RS modelində rekorda imza atan Lars Kern olub.
Arxa çəkişli superkar 700 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir ki, bu da Turbo S variantında olduğundan 0,1 saniyə yeyindir. Avtomobilin maksimal sürəti 340 km/saatdır.
Mənbə: Motor1