Nürburqrinq treki 2027-ci ildə özünün 100 illik yubileyini qeyd edəcək. Porsche şirkəti bu əlamətdar hadisəni qeyd etmək üçün xüsusi 911 GT3 100 Jahre Nürburgring Edition modelini hazırlayıb. Cəmi 100 ədəd istehsal olunacaq xüsusi versiya Porsche-nin “Şimal İlgəyi” ilə uzun illər davam edən yarış və sınaq əlaqəsinə həsr edilib.

Xüsusi seriyanın ilk təqdimatı bu ay Nürburgringdə keçiriləcək, sifarişlərin qəbuluna isə sentyabrda başlanacaqdır. Avtomobillərin müştərilərə çatdırılmasına 2027-ci ildə başlamaq planlaşdırılır.

Yubiley sportkarı iki kuzov rəngi ilə təklif olunur: ağ və GT Silver Metallic. Ön və arxa hissədəki yaşıl qoruyucu örtük xüsusilə diqqət çəkir. Bu rəng həm tarixi yarış avtomobillərində texniki hissələri vizual fərqləndirmək ənənəsinə, həm də Ceki Stüartın (Jackie Stewart) məşhur “Green Hell” — “Yaşıl Cəhənnəm” ifadəsinə istinaddır. 

Kuzovda Nürburqrinqin tarixi loqoları, ağ ox işarələri və avtomobil sahibinin seçə biləcəyi start nömrəsi yer alır. Start nömrəsinin şrift üslubu isə illər ərzində Nordschleife-nin asfaltında yaranan əl yazıları və qraffiti izlərindən ilhamlanıb. 20 düymlük ön və 21 düymlük arxa döymə diskləri Californiagold rəngində, mərkəzi kilidlər isə mat qara rəngdədir. 

İnteryerdə də yaşıl rəng əsas motiv olaraq davam edir. Qara anodlaşdırılmış alüminiumdan hazırlnmış kandar lövhələri işıqlandırılan yazı ilə tamamlanır, LED proyektorlar isə yol səthində  Nürburgring trekinin konturunu əks etdirirlər.

Arxa hissədəki təhlükəsizlik karkası yaşıl rəngdədir, oturacaq üzlüklərindəki dəliklər yaşıl alt qatın olduğunu göstərirlər. Sürücü oturacağının başlığında Nürburgring loqosu, sərnişin oturacağının başlığında isə modelin adı həkk olunub.

Porsche müştərilərə həm 7-pilləli PDK, həm də 6-pilləli mexaniki Sportschaltgetriebe seçimi təklif edir. Mexaniki transmissiyalı versiyada dəstək 911 Carrera T modelindən tanış olan və qoz ağacından hazırlanmış elementlə fərqlənir. Bu da xüsusi versiyanın analoq xarakterinə işarə edir. 

Trek günlərinin pərəstişkarları Manthey Kit də sifariş edə bilərlər. Paketə yenidən işlənmiş asqı, uyğunlaşdırılmış əyləc komponentləri və aerodinamik əlavələr daxildir. Porsche bildirir ki, bu dəst 285 km/saat sürətində təxminən 540 kiloqram yerəbasma qüvvəsi yarada bilir.

Porsche yubiley versiyasının alıcılarına yalnız avtomobil verməklə kifayətlənmir. Müştərilər Nürburqrinqdə xüsusi tədbirə dəvət olunacaq, burada Manthey komandası ilə texniki təqdimatlar keçiriləcək.

İstəyənlər avtomobillə eyni rəng və dizayna malik olan Porsche Design Chronograph 1 xronoqrafını da əldə edə biləcəklər. Saatın titandan hazırlanmış korpusu, tarixi Nürburgring loqosu və avtomobilin oturacaqlarından ilhamlanan qayışlar xüsusi kolleksiyanın xarakterini tamamlayır. 

Porsche xüsusi versiyanın qiymətini hələlik açıqlamayıb. Buna baxmayaraq, yalnız 100 ədədlik istehsal, xüsusi dizayn detalları, Manthey opsiyası və Nürburgring tarixçəsi bu GT3-ü adi modeldən fərqləndirir. 

911 GT3 100 Jahre Nürburgring Edition sadəcə yubiley nişanı daşıyan xüsusi Porsche deyil. Bu avtomobil üçün Nürburqrinq həm ilham mənbəyi, həm sınaq meydanı, həm də markanın yarış irsinin bir hissəsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

Bəzi treklər sadəcə yarış meydanı deyil. Onlar avtomobil tarixinin özüdür. Nürburgring Porsche üçün məhz belə bir yerdir.

100 il, 100 GT3 və eyni “Yaşıl Cəhənnəm”.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.