2023-cü ildə ABŞ-da keçirilən Porsche Rennsport Reunion 7 tədbirində Porsche 911 GT3 R yarış sportkarının əsasında yaradılmış məhdud tirajla buraxılacaq Porsche 911 GT3 R rennsport trek superkarının təqdimatı baş tutub. Porsche Style bölməsinin komandası GT3 sinifinin texniki reqlamentlərindən kənara çıxıb, ona görə də yenilik orijinaldan daha ekstremal alınıb. Avtomobilin əsas cəhətlərindən biri onun 620 at qüvvəli unikal 4,2-litrlik mühərriki idi.
Bu aqreqat GT sinifinin bütün avtomobillərinin atmosfer mühərrikləri arasında rekord hasilata malikdir. Altısilindrli oppozit mühərrikinin həcmi 4,2 litrdir və o, həm adi benzinlə, həm də sintetik qarışıqlarda işləyə bilər.
Mühərrikdə başqa porşenlər və daha aqressiv profilli dirsəkləri olan vallardan istifadə edilir. Mühərrikin maksimal hasilatı “adi” 911 GT3 R sportkarındakı 565 at qüvvəsi əvəzinə 620 at qüvvəsi təşkil edir.
Porsche 911 GT3 R rennsport trek sportkarının incə sazlanması prosesində avtomobil üzərində təkcə Porsche test pilotu Marko Holzer deyil, həm də alman brendinin mühəndislər komandası çalışıb. Tapşırıqlardan biri superkar üçün optimal parametrləri tapmaq idi və iş prosesində alman brendinin mütəxəssisləri mühərrikin səsini də tənzimləyiblər.
Məlum məsələdir ki, belə kolleksiya sportkarı xüsusi səsə malik olmalıdır - odur ki, alman mühəndisləri 911 GT3 R rennsport modelinin buraxılış sistemini səsboğucudan məhrum ediblər. Bununla belə, səs-küy məhdudiyyəti olan yarış trekləri üçün səsboğucuları və katalitik neytralizatorları olan iki “sakit” buraxılış magistralı nəzərdə tutulub.
Trek avtomobili 77 nüsxəlik tirajla buraxılacaq, buna görə də hər kəs mühərrikin infernal gurultusundan canlı olaraq həzz ala bilməyəcək. Xoşbəxtlikdən Porsche, mühərrikin 9400 dövr/dəqiqədə işlədiyini göstərən bir videoçarxı hazırlayıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.