Dünya avtomobil sənayesinin barometrlərindən biri sayılan Cenevrə avtosalonun İsveçrə hökumətinin qərarı ilə ləğv edilməsi bir çoxlarına şok yaşadıb. Əlbəttə, İsveçrə höküməti bu yolla koronavirusun yayılmasının qarşısını almaq istəyir, lakin, bu qərar avtoistehsalçıların planlarını alt-üst edib.
Onlardan biri də Porsche şirkətidir. Alman istehsalçısı Cenevrədə 911 ailəsinin ən «bərkgedən» fərdlərindən biri olan Porsche 911 Turbo S sportkarını təqdim etməyə hazırlaşırdı. Koronavirus istehsalçının planlarının üzərindən yağlı bir xətt çəksə də, alman istehsalçısı virusa təslim olmaq niyyətidə deyil. Porsche şirkətinin mətbuat xidməti planlaşdırdığı kimi, tizerlərin dərcini qrafik üzrə davam etdirir.
Bu gün alman istehsalçısı yeni sportkarın növbəti tizerlərini dərc edib. Tizerdəki avtomobil örtük altında olsa da, hətta bu vəziyyətdə belə, onun geniş arxa təkər tağları özünü biruzə verir. Dərc edilmiş fotoşəkildə isə, avtomobilin eni boyu uzanan arxa işıq texnikası ilə yanaşı, iri aerodinamik elementi də görmək mümkündür. Bu elementin spoyler və yaxud arxa antiqanad olması hələlik anlaşılan deyil. Bir sıra məlumatlara görə, Porsche 911 Turbo S modeli aktiv aerodinamikaya malik olacaqdır. Odur ki, şəkildə maksimal dərəcədə açıqlmış spoyler təsvir oluna bilər.
Porsche 911 Turbo S modelinin güc aqreqatı barədə məlumat verilməyib. Şayiələrə görə, kupe tam ötürmə sisteminə, 8-pulləli PDK «robotuna» və 640 at qüvvəsi hasil edən 3,8-litrlik oppozit turbomühərrikinə sahib olacaqdır. Belə güc xarakteristikası Porsche 911 Turbo S modelini planetin ən yeyin avtomobillərindən birinə çevirməlidir.
Yeni modelin təqdimatı planlaşdırıldığı kimi, 3 mart tarixində keçiriləcəkdir. Onlayn şəkildə həyata keçiriləcək təqdimatda sabiq F1 pilotu Mark Uebber qonaq qismində istirak edəcəkdir.