Porsche şirkəti hələ 2018-ci ildə Nürburqrinqin seriya avtomobilləri üçün rekordunu qaytarmağa çalışırıb. Lakin o zaman rekord cəhdi üçün hazırlanmış Porsche 911 GT2 RS superkarı seriya avtomobilindən çox fərqli idi və nəticədə rekord rəsmi olaraq qeydə alınmamışdı.
Xatırladaq ki, o zaman Porsche şirkətinin zavod pilotu Lars Kern 20,6 kilometrlik dövrəni 6 dəqiqə 40,3 saniyəyə qət edərək, Lamborghini Aventador SVJ kupesinin (6: 44.97) zamanını üstələməyə çalışmışdı.
O vaxtdan bəri rəsmi rekord Mercedes-AMG GT Black Series superkarına (6: 43.616) keçib. Porsche isə bir daha yola saldığımız 991 nəslinə aid olan Porsche 911 GT2 RS (yeni 992 seriyası hələlik GT2 ekstremal versiyasına sahib deyil) kupesini Nürburqrinqə gətirib.
Keçən dəfə olduğu kimi, avtomobil Nürburqrinqin 24 saatlıq marafonlarda yarışan və 51 faizi Porsche şirkətinə məxsus olan Manthey-Racing yarış komandası ilə əməkdaşlıqda təkmilləşdirilib. Ancaq şirkət üç il əvvəlki səhvləri nəzərə alaraq, özünü sığortalayıb.
Dəyişikliklər, demək olar ki, bütün hissələri orijinal Porsche Tequipment çeşidindən götürülmüş Manthey Performance Kit dəstində toplanıb. Bu dəstə asqının başqa elementləri, yeni əyləc qəlibləri, həmçinin dəyişdirilmiş aerodinamik elementlər (antiqanad, diffuzor, ön bamperin künclərindəki və arxa təkərlərdəki əlavələrdir) daxildir.
Yeni aerodinamik dayaq 200 km/saat sürətində ön oxdakı yerəbasma gücünü 49-dan 70 kiloqrama, arxa oxdakını isə 93-dən 200 kiloqrama qədər artırıb. Nəhayət, interkulerin suvarılması üçün istifadə olunan əlavə su çəni (indi ümumi həcm doqquz litrdir) quraşdırılıb.
Avtomobil Michelin Pilot Sport Cup 2 R şinləri ilə təchiz edilib, 700 at qüvvəli güc aqreqatı və ötürmələr qutusu standart olaraq saxlanılıb. Şirkətdən Manthey Performance Kit paketini rəsmi dilerlərdən almaq imkanının mövcud olduğunu və eyni zamanda, belə dəstlə təchiz edilmiş avtomobillərin tam zavod zəmanəti ilə təmin edildiyini söyləyib.
Yəni, belə paketə sahib olan Porsche 911 GT2 RS seriya avtomobili hesab edilməsi üçün istehsalçı əlindən gələn hər şeyi edilib.
Yeni rekord 14 iyun tarixində qeydə alınıb. Bu dəfə də, superkarı Lars Kern idarə edib, lakin avtomobili 20,8 kilometr uzunluğundakı trekdə sürüb. Əldə edilən nəticə 6 dəqiqə 43.300 saniyədir, orta sürət isə 185.87 km/saat olub.
Təşkilatçılar, əvvəlki rekordla əyani şəkildə müqayisə edilməsi üçün 20.6 kilometrlik köhnə konfiqurasiyada göstərilmiş zamanı da yayımladılar. Qısa konfiqurasiyada əldə edilən zaman 6 dəqiqə 38.835 saniyə olub - yəni Porsche 911 GT2 RS modeli Mercedes-AMG GT Black Series superkarından 4.8 saniyəyə daha yeyin olub.