Əfsanəvi Porsche 911 sportkarının ofroud versiyaları artıq heç kimi təəccübləndirmir. Təkmilləşdirilmiş sportkarlar keçən əsrin səksəninci illərində Paris-Dakar marafonunda da iştirak ediblər. Bir il əvvəl isə, bazara məhdud saylı tirajla buraxılan Porsche 911 Dakar modeli çıxıb.
Əlbəttə ki, belə avtomobillər fərdi həvəskarlar və tüninq atelyeləri tərəfindən inşa edilir. İndi isə, Porsche 911 modelinin uğurları arasında qeyri-adi ofroud nailiyyəti peyda olub: avtomobil sərbəst dırmanma üzrə yeni yüksəklik rekordunu qeydə alıb.
Aktiv Oxos del Salado vulkanının qərb yamacılə "gediş" üçün, Porsche şirkəti iki xüsusi prototip hazırlayıb. Layihənin əsası olaraq Porsche 911 Carrera 4S seriya kupesi götürülüb və geniş miqyaslı təkmilləşdirilmələr aparılıb.
Əsas yenilik təkər reduktorlarının quraşdırılması (portal körpülərdə olduğu kimi) və asqının müvafiq şəkildə təkmilləşdirilməsidir. Nəticədə, kupenin klirensi təsiredici 350 millimetrə qədər artıb!
Yolsuzluqda inamı kuzovun yastı altlığının yüngül, dözümlü aramid lifindən hazırlanmış güclü müdafiəsi artırır. Avtomobilin görkəmi "acıqlı" yolsuzluq şinləri, genişləndirilmiş təkər tağları olan xüsusi kuzov dəsti və damdakı baqaj qurğusu ilə tamamlanır.
Ön tərəfdə bucurqad quraşdırılıb (gediş zamanı rekordçulara gərək olub). Salonda beş nöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş karbon “çalovlar” quraşdırılıb.
Arxada yerləşən 450 at qüvvəli 3,0-litrlik oppozit biturbo mühərrik standart olaraq qalıb. Güc aqreqatı kimi 7-pilləli mexaniki transmissiya da heç bir təkmilləşdirməyə məruz qalmayıb, lakin dırmanma üçün avtomobilləri benzinlə deyil, ötən ildən Çilidə istehsal olunan eFuels sintetik yanacağı ilə doldurulublar.
Avtomobillərdən biri eksperimental SpaceDrive sükan mexanizmi ilə təchiz olunub: o, Schaeffler Group şirkəti tərəfindən hazırlanıb və onun sükan valı yoxdur – idarəetmə “tellər” vasitəsi ilə həyata keçirilir.
Məhz belə kupeni Le Man marafonunun və bir çox digər yarışların qalibi olan fransız pilot Romain Düma idarə edib. Fransız pilot və onun komandası artıq keçən il Oxos del Salado vulkanının yamaclarında olub – o zaman 6007 metrlik yüksəkliyə dırmanmağı sınaqdan keçiriblər. Bu günlərdə isə, dəniz səviyyəsindən 6734 metr yüksəkliyə dırmanma üzrə rekord gedişi baş tutub!
Əvvəlki rekord (6694 metr) xüsusi olaraq hazırlanmış Unimog ofrouderinə aid olub. Bu rekord təxminən dörd il dəyişməz qalıb. Müqayisə üçün qeyd edək ki, məşhur Pikes Peak International Hill Climb yarışı 4302 metr hündürlükdə başa çatır və asfaltlanmış yollarda keçirilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.