Porsche şirkəti bəzi müştərilərinin nadir modelləri sonradan baha qiymətə satmaq məqsədi ilə əldə etməsindən çox narahatdır. Bu səbəbdən də şirkət bir sıra müştərilərini yeni eksklyuziv superkarların potensial alıcıları siyahısına daxil etməmək qərarına gəlmişdir. Bu barədə Porsche GT bölümünün rəhbəri Andreas Preningerə istinadən “Car and Driver” dərgisi xəbər yaymışdır.
“Əgər siz avtomobillərlə alver edirsinizsə, müvafiq olaraq, sizi bizim növbəti yeni avtomobillərin potensial müştəri siyahısına daxil etməyəcəyik. Bu cəza deyildir, bu bizim strategiyamızdır. Biz avtomobilləri onları həqiqətən də təyinatına görə istifadə edən müştərilərə çatdırırıq. Məncə bu daha ədalətlidir” – Preninger bəyan etmişdir.
Porsche GT rəhbəri həmçinin buraxılmış avtomobillərin taleyi ilə maraqlandıqlarını və kimlərin alver ilə məşğul olduğunu bildiklərini söyləmişdir. Preningerin sözlərinə görə, avtomobillərin sonrakı taleyini araşdırmağa kiçik istehal həcmi şərait yaradır. Buna misal olaraq eBay internet hərracında Porsche 911 R modelinin satılmasını göstərmək olar. 991 nüsxədən ibarət olan modellərdən birini 1,1 milyon avroya satmağa cəhd göstərmişdirlər. Xatırlatmaq gərəkdir ki, elandan bir ay öncə debüt etmiş sportkarın baza qiyməti 189544 Avro təşkil edir.
Alverçilərlə mübarizə aparan tək Porsche şirkəti deyildir. Bir çox superkar istehsalçıları zaman-zaman belə tədbirlərə əl atırlar. Misal üçün, Ford şirkəti GT superkarının alıcıları ilə xüsusi müqavilə bağlayaraq avtomobildən birbaşa təyinatına görə istifadə etməyi və satmamağı tələb edir.