Məlumdur ki, dünyanın ən sürətli krossoveri adı uğrunda mübarizə bu günə qədər Volkswagen qrupuna daxil olan Bentley və Lamborghini markaları arasında gedib. Lakin, deyəsən bu çütlüyün yaxınlarda üçlüyə çevrilmək ehtimalı vardır. Deyilənlərə görə, Zuffenhauzendə britaniya və italyan markasına layiqli cavab hazırlamaq niyyətindədirlər.
Bu məqsəd üçün Porsche şirkəti bir neçə ay bundan öncə təqdim etdiyi Cayenne Coupe krossoverini istifadə etmək niyyıtidədir. Resept çox sadədir – yeni kupe-krossu Panamera Turbo S E-Hybrid modelinin hibrid qurğusu ilə təchiz etmək. Xatırladaq ki, Porsche Panamera Turbo S E-Hybrid modeli 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və elektromotor ilə təchiz olunur ki, bu tandem də 680 at qüvvəsi və 850 Nm fırlanma anı təklif edir.
Digər bir təsdiq edilməmiş məlumata görə, dünyaynın ən sürətli krossoveri adına namizədliyini irəli sürən Porsche Cayenne Coupe modeli GT modifikasiyasına da sahib olacaqdır. GT2, GT3 və GT4 indekslərinin sahibləri olduğuna görə, yeni krossover Cayenne Coupe GT5 adlandırıla bilər. Hər halda biz bunu iddia etmirik, sadəcə ehtimal edirik. GT modifikasiyası Lamborghini Urus krossoverinin 641 at qüvvəli mühərrikinə sahib olmalıdır.
Xatırladaq ki, Porsche Cayenne Coupe modeli iki modifikasiyada - adi və Turbo versiyalarında təklif olunur. Birinci versiya 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Porsche Cayenne Turbo Coupe isə, 550 at qüvvəsi və 770 Nm fırlanma anına malik olan 4,0-litrlik V8 biturbomühərrikinə sahibdir. Hər iki versiya səkkiz pilləli avtomatik qutu və çoxdiskli mufta vasitəsi ilə ön oxu qoşan tam çəkiş sistemi ilə təchiz edilir.