Porsche elektrikli Macan ilə yanaşı, daxiliyanma mühərrikli ortaölçülü krossover də hazırlayır. “Auto Express” nəşrinin məlumatına görə, yeni model Macan adını daşımayacaq və 2028-ci ildə bazara çıxacaq. Maraqlıdır ki, onun yüksək performanslı versiyası V8 mühərriklə təchiz oluna bilər.
Yeni krossover Porsche-nin elektrikləşmə strategiyasına yenidən baxması fonunda hazırlanır. Şirkət rəhbərliyi daxiliyanma mühərriklərinin və plagin hibrid güc qurğularının gələcək məhsul çeşidində mühüm yer tutacağını təsdiqləyib.
Porsche Macan Electric
Model texniki baxımdan Audi Q5, A5 və A6 avtomobillərində istifadə olunan PPC platformasına əsaslanacaq. Bununla belə, Porsche asqı və şassi komponentlərinin böyük hissəsini özü hazırlayacaq. Yeni avtomobilin kuzovu Audi Q5-dən daha enli, dam xətti isə daha alçaq olacaq.
Mühərrik çeşidində 48 voltluq yumşaq hibrid və plagin hibrid sistemlərin yer alacağı gözlənilir. Sonuncu variant Audi modellərində istifadə olunan 2,0-litrlik turbomühərrik, elektromotor və 25,9 kVt·saatlıq batareya əsasında hazırlana bilər. Porsche-nin bu qurğunun gücünü və elektrik yürüş ehtiyatını artıracağı ehtimal edilir.
Porsche Macan GTS
Lakin ən maraqlı ehtimal V8 mühərrikli versiyadır. Sınaq zamanı kamuflyajlı prototiplərdən birinin səciyyəvi V8 səsi ilə hərəkət etdiyi bildirilir. Bu avtomobildə Porsche-nin Cayenne və Panamera modellərində istifadə etdiyi 4,0-litrlik V8 mühərrikinin tətbiqi mümkündür.
Belə versiyanın hasilatı 600 at gücünü keçə bilər. Bununla belə, V8 modifikasiyasının hələlik rəsmi təsdiqi yoxdur və onun əsasən ABŞ, Çin və Yaxın Şərq bazarları üçün nəzərdə tutulacağı ehtimal edilir.
Porsche Macan GTS
Yeni krossoverin dizaynında Porsche-nin oktyabr ayında Nyu-Yorkda nümayiş etdirdiyi Mission S konseptinin üslub elementlərindən istifadə ediləcəyi gözlənilir. Salon isə rəqəmsal ekranları fiziki idarəetmə düymələri ilə birləşdirəcək.
Porsche yeni modeli 36 aylıq sürətləndirilmiş inkişaf proqramı çərçivəsində hazırlayır. Avtomobilin 2028-ci ildə təqdim edilməsi planlaşdırılır. Beləliklə, elektrikli Macan öz adını qoruyacaq, benzin mühərrikli varisi isə Porsche model ailəsində ayrıca yer tutacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









