Porsche Boxster modeli bu il 25 illik yubileyini qeyd edir: rodsterin ilk nəsli 1996-cı ildə buraxılıb. Bu münasibətlə istehsalçı rodsterin xüsusi Boxster 25 Years adlanan versiyasını hazırlayıb. Yubiley seriyasından olan rodsterlərin tirajı 1250 nüsxə ilə məhdudlaşdırılıb.
Boxster 25 Years modelinin dizaynı, 1993-cü ildə Detroit avtosalonunda nümayiş etdirilmiş Boxster Concept konseptindən ilham alınaraq yardılmışdır. Avtomobilin ən diqqətəlayiq cəhətlərindən biri də GT Silver Metallic kuzov rəngi ilə ziddiyyət təşkil edən, ön bamperə, yan havalandırma girişlərinə və 20-düymlük təkər disklərinə vurulan mis rəngli Neodyme haşiyələrdir.
Bundan başqa, yubiley rodsteri qara rəngli ön şüşə çərçivəsinə, buraxılış sisteminin çıxış borularının xrom ucluqlarına, qırmızı rəngli yumşaq dama, “Boxster 25” yazıları həkk edilmiş tünd qırmızı dəri salona, xüsusi versiyanın adı yazılmış kandar lövhələrinə, salondakı alüminium aksentlərə, qızdırılan GT dəri sükan çarxına və digər detallara sahib olub.
Boxster 25 Years modelinin standart təchizatına Sport Chrono dəsti, hündürlüyü 10 millimetr azaldılmış PASM asqısı və arxa oxdakı məhdud sürtünməli mexaniki differensial və PTV dartma vektoruna nəzarət sistemi daxildir.
Texniki cəhətdən yubiley versiyası 400 at qüvvəli 4,0-litrlik altısilindrli mühərrik ilə təchiz edilən Porsche 718 Boxster GTS 4.0 modelindən fərqlənmir. Mühərrik, altı pilləli mexaniki və ya yeddi pilləli robotlaşdırılmış PDK transmissiyası ilə birləşdirilə bilər.
Sonuncu halda, rodster 100 km/saat həddinə sürətlənməyə düz 4 saniyə sərf edir. Maksimal sürət - 293 km/saatdır. Xüsusi seriyadan olan rodsterlərin ABŞ-dakı satış qiyməti 98,600 dollardan başlayır. Porsche 718 Boxster 25 Years modelinin satışlarına baharda başlanacaqdır.