Porsche şirkəti Cayenne Turbo Coupe modelinin yeni versiyasının yarış trekində keçirilən sınaqları barədə danışıb. Yeni kupe-krossover 4.0-litrlik V8 mühərriki ilə təchiz edilmiş Cayenne modelləri arasında ən güclü krossover ola bilər: güc qurğusunun 631 at qüvvəsinə sahib olacağı proqnozlaşdırılır.
Porsche markasının səfiri olan Valter Rörlün bildirdiyinə görə, Cayenne Turbo Coupe krossoverinin ən güclü versiyası “krossover kimi yox, idman avtomobili kimi idarə olunur”.
Porsche şirkətinin test sürücüsü Lars Kern, öz növbəsində, “yüksək məhsuldarlıqlı” Cayenne Turbo Coupe modelinin təkmilləşdirilməsindən bəhs edib: məsələn, təkərlərin quraşdırılma bucağı 0,45 dərəcə artırılıb, ön təkərlər isə digər versiyalardakına nisbətən 13 millimetr daha enli olub.
Bu, yeni modifikasiya üçün xüsusi olaraq hazırlanmış yeni 22-düymlük idman təkərlərinin asfalt ilə təmas səthinin artırılmasını təmin etməlidir.
Bundan əlavə, yeni versiya titandan hazırlanmış buraxılış sistemini (çıxış boruları arxa bamperin mərkəzində yerləşəcəkdir), aktiv köndələn dayanıqlılıq stabilizatorları olan standart asqını, tam idarələnən şassini, elektronika ilə idarələnən arxa differensialı və karbon-saxsı əyləc mexanizmlərini alacaqdır.
Qeyri-rəsmi məlumatlara görə, “bərkgedən” Cayenne Turbo Coupe modeli gücü 631 at qüvvəsinə qədər artırılmış 4,0-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Müqayisə üçün, hibrid olmayan versiyalar arasındakı ən güclü Cayenne modelinin mühərrikinin gücü 550 at qüvvəsidir.
Valter Rörl
Bununla belə, Cayenne modeli ömür yolunun ortasında planlaşdırılmış yeniləməyə hazırlaşır. Yenilənmiş modelin eksteryerindəki dəyişikliklər modernləşdirilmiş ön fənərlər və bamperdən ibarət olacaqdır. Krossoverin interyerinin isə yeni 911 modeli üslubunda tərtibata malik olacağı gözlənilir.
Yenilənmiş krossover 2021-ci ilin sonuna kimi debüt edə bilər.