Porsche şirkəti tarixindəki ən yeyin krossoverini nümayiş etdirib. Bu, Porsche Cayenne Coupe Turbo GT modelidir. Yeni “bərkgedən” krossover 100 km/saat həddini 3,3 saniyəyə toplayır və Nüburqrinqin “Şimal İlgəyini” Bugatti Veyron modelindən daha yeyin qət edir.
Qeyd etmək gərəkdir ki, Porsche mütəxəssisləri ekstremal krossover üzərində uzun müddətdir ki, çalışırlar. Adi Cayenne Coupe modeli ilə müqayisədə, Turbo GT modifikasiyası daha sərt (15%) amortizatorları olan yenidən tənzimlənmiş şassiyə, sükanın elektrik gücləndiricisinə və yana əyilmələrin qarşısını alan təkmilləşdirilmiş PDCC (Porsche Dynamic Chassis Control) sisteminə sahib olub.
Hər bir oxdakı stabiliztorların daxilində yerləşdirilmiş elektrik mühərrikləri döngədə işə düşərək, avtomobilə fizika qanunlarını aldatmağa kömək edirlər.
Yenidən tənzimlənmiş asqı sayəsində Turbo GT modeli adi Turbo krossoveri ilə müqayisədə 17 millimetr azaldılmış klirensə malikdir. Turbo GT modelinin standart təchizatına xüsusi olaraq onun üçün hazırlanmış 22-düymlük təkər diskləri və Pirelli P Zero Corsa şinləri daxildir.
Bundan başqa, hərəkət edən arxa antiqanadın artırılmış eni, karbonplastikdən hazırlanmış yeni diffuzor və damda quraşdırılmış spoyler sayəsində Turbo GT modelinin aerodinamik dayağı maksimal sürətdə 40 kiloqram daha çox yerəbasma gücü hasil edir.
Məlum məsələdir ki, avtomobilin mühərriki də Porsche mühəndislərinin diqqətindən kənarda qalmayıb. Adi Cayenne Turbo modelindən tanış olan 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrikinin hasilatı 640 at qüvvəsi və 850 Nm-ə qədər artırılıb.
Belə artıma nail olmaq üçün, mühəndislər mühərriki yeni porşen və sürgü qolları, dempferi olan təkmilləşdirilmiş dirsəkli val ilə təchiz ediblər. Üstəlik, yeni proqram təminatı sayəsində 8-pilləli transmissiyanı ötürmələri daha yeyin həyata keçirməyi öyrədiblər.
Ədalət xatirinə qeyd etmək gərəkdir ki, Cayenne model xəttində daha güclü Turbo-S E-Hybrid versiyası mövcuddur. Belə versiyanın hibrid güc qurğusunun ümumi hasilatı 680 at qüvvəsi və 900 Nm fırlanma anıdır. Lakin əlavə güc ilə yanaşı, belə krossover əlavə çəkiyə də malikdir.
Nəticədə, daha yüngül olan Cayenne Coupe Turbo GT modeli 100 km/saat həddini 3,3 saniyəyə toplayır ki, bu da hibriddə olduğundan 0,5 saniyə daha yeyindir. Eyni zamanda, Turbo GT modeli 300 km/saat həddini aşan ilk seriya Cayenne krossoveridir.
Ekstremal kupe-krossun interyer tərtibatında dəri və alkantaradan geniş istifadə olunub. Oturacaqlar ağ rəngli tikişləri olan dəri və eyni rəngli zolaqları olan dəlikli alkantara ilə üzləniblər. Bundan başqa, sükan çarxında “0” nöqtəsini göstərən seçilən işarə də mövcuddur. Qeyd etmək lazımdır ki, Turbo GT modeli PCM 6.0 multimedia sistemini alan ilk Porsche olacaqdır.
Daha bir vacib məlumat. Porsche Cayenne Coupe Turbo GT modeli yalnız kupeşəkilli kuzovla təklif olunur. Arxa cərgə alternativsiz olaraq iki yerlikdir.
Beləliklə, Cayenne Coupe Turbo GT dünyanın ən yeyin seriya krossoveri hesab etmək olarmı? Əgər bu məsələyə maksimal sürət baxımından yanaşsaq, qohum Lamborghini Urus (305 km/saat) və Jaguar F-Pace SVR modelinin bazasında yaradılmış Lister Stealth (316 km/saat) modelləri onu üstələməyə qadirdilər.
Lakin, başqa meyar da mövcuddur: 14 iyun tarixində zavod pilotu Lars Kernin idarə etdiyi Cayenne Coupe Turbo GT modeli Nürbuqrinqin “Şimal İlgəyini” 7 dəqiqə 38,925 saniyəyə qət edib. Bu zaman BMW M5 və Nissan GT-R modellərinin göstərdiyi zamanla eynidir.
Müqayisə üçün, 1001 at qüvvəli Bugatti Veyron hiperkarı dövrəni 7 dəqiqə 40 saniyəyə başa vurub. Cayenne modelinin eyni platformanı paylaşdığı Audi RS Q8 modeli ilə 7 dəqiqə 42, 250 saniyəlik nəticəni əldə edib. Bu isə uçurum deməkdir!
Porsche Cayenne Coupe Turbo GT modelinə sifarişlər artıq qəbul edilir. Almaniyada krossoverin qiyməti 196.078 avrodan başlanır. İlk əmtəə versiyaları Avropadakı diler salonlarında sentyabr ayında peyda olacaqlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.