Porsche şirkətinin ən geniş model çeşidinə malik olan Cayenne ailəsi GTS indeksli modelin yeni versiyanı əldə edib. GTS indeksini həm adi krossover, həmdə onun kupeşəkilli versiyası daşıyacaqdır.
Əvvəlki nəsil Porsche Cayenne GTS modeli 440 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 mühərriki ilə təchiz edilirdi. Yeni GTS modelləri isə, Panamera GTS modelindən tanış olan, 460 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz ediləcəkdirlər. Gördüyünüz kimi, yeni GTS sələfindən 20 at qüvvəsi və 20 Nm daha güclüdür. Cayenne GTS modeli Cayenne S və Cayenne Turbo modellərinin arasında qərarlaşacaqdır. Mühərrik səkkiz pilləli PDK “robotu” və tam ötürmə sistemi ilə tandemdə çalışacaqdır.
Sport Chrono dəsti ilə təchiz edilmiş Porsche Cayenne GTS modelləri 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənəcəkdirlər. Onların maksimal sürəti 270 km/saatdır. Ən maraqlısı odur ki, Sport Chrono dəsti Cayenne GTS Coupe modelinin standart təchizatına daxil edilib. Adi krossoverin sahibləri isə, bu dəsti əlavə ödənişlə əldə edə bilərlər.
Bundan başqa, GTS modellərinin standart təchizatına idman buraxılış sistemi də daxildir. Kupe versiyası üçün arxa bamperin mərkəzində yerləşən oval formalı iki ucluğu olan səsboğucu sistem də nəzərdə tutulub. Bu səsboğucu, standart sistem ilə müqayisədə, avtomobilin səsini daha gur və sanballı edir. Lakin, belə səsboğucu yalnız “yüngülləşdirilmiş” Lightweight Sport Package dəsti ilə təchiz edilmiş krossoverlərdə quraşdırılacaqdır.
Eyni zamanda, krossoverlərin baza avadanlıq siyahısına adaptiv amortizatorları və üçkameralı pnevmoyastıqları olan aktiv PASM asqı sistemi daxil edilmişdir ki, bu sistem avtomobilin klirensini 30 millimetr azaltmağa imkan verir. Bundan başqa, siyahıya qara aksentləri, 21-düymlük təkər diskləri və tündləşdirilmiş işıq texnikası olan Sport Design dəsti də əlavə edilib.
Avtomobillərin salon tərtibatında dəri və alkantaradan istifadə edilir. Səkkiz istiqamətdə tənizmlənən idman oturacaqlarında GTS naxışları həkk olunub, sükan çarxının tərtibatında isə zamşadan istifadə edilib.
Yeni Porsche Cayenne GTS modellərinə sifarişlər artıq qəbul edilir. Cayenne GTS modellərinin Avropadakı satışlarına iyul ayının əvvəlində start veriləcəkdir. Cayenne GTS modelinin Almaniyadakı satış qiyməti 114,087 avrodan, Cayenne GTS Coupe modelinin isə 118.490 avrodan başlayır.