Porsche şirkəti yenilənmiş Cayenne GTS krossoverlərini nümayiş etdirib. Cayenne GTS modelinin 4,0-litrlik V8 biturbo mühərrikinin hasilatı 40 at qüvvəsi və 40 Nm artırılıb. Bundan əlavə, 2025-ci model ilin krossoveri bəzi asqı elementlərini Cayenne Turbo GT modelindən götürüb və bir sıra vizual dəyişiklikləri əldə edib. Artıq yenilənmiş Cayenne GTS modellərinə sifarişlər qəbul olunur. Adi krossoverin qiyməti 126 895 dollardan, Cayenne GTS Coupe versiyasının isə, 131 495 dollardan başlayır.
Porsche Cayenne GTS modelinin mühərriki 499 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edir. Güc aqreqatı Sport və ya Sport Plus iş alqoritmlərini almış 8-pilləli Tiptronic S avtomatik transmissiya ilə tandemdə çalışır. Krossover sıfırdan ilk “yüzlüyə” 4,4 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 275 km/saatdır.
Porsche mühəndisləri güc aqreqatı ilə yanaşı, həm də asqının üzərində işləyiblər. Podşipniklər “qaynar” Cayenne Turbo GT modelindən götürülüb, nəticədə krossoverin idarəetmə xüsusiyyətləri yaxşılaşdırılıb. Bundan başqa, GTS versiyasının təchizatına onun klirensini digər Cayenne modelləri ilə müqayisədə 10 millimetr azaldan yenidən tənzimlənmiş pnevmatik asqı daxil edilib.
Əlavə ödəniş qarşılığında yana əyilmələrin boğulması sistemini sifariş etmək mümkündür. Bundan başqa, Turbo GT modelindən su ilə soyutma sistemi, Coupe versiyasından isə, aktiv arxa spoyler və iki mərkəzi çıxış borusu olan buraxılış sistemi götürülüb.
Vizual fərqlər daha böyük ön hava girişlərindən, tündləşdirilmiş optika və qırmızı əyləc supportlarından ibarətdir. Cayenne GTS standart olaraq tünd Sport Design Package dekoru ilə təchiz edilir. Model 21-düymlük RS Spyder Design disklərini alıb. Race Tex mikrofiberi ilə üzlənmiş interyer iki rəng sxemində təklif olunur – boz Slate Grey və qırmızı Carmine Red. Standart təchizata həmçinin Bose audio sistemi və panoram lyuk daxildir.
Bir çox istehsalçıların elektrokarlara keçməsinə baxmayaraq, Porsche 4,0-litrlik V8 mühərriki 2030-cu ildən sonra da mühərrik çeşidində saxlamaq niyyətindədir. Alman istehsalçısı səkkizsilindrli aqreqatın sərt Euro 7 ekostandartına hazır olduğunu və hətta onun elektrikləşdirilməsinə ehtiyac duyulmadığını bildirib. Birbaşa deyilməsə də, amma mühərrikin yalnız Panamera modelində saxlanılacağı aydındır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.