Porsche şirkəti rəsmi olaraq Cayenne modelinin Platinum Edition adını almış xüsusi modifikasiyasını təqdim edtmişdir. Avtomobil dizaynındakı dəyişikliklərlə yanaşı, zənginləşmiş standart avadanlıq siyahısını əldə etmişdir. Xüsusi modifikasiyanın Avropadakı satışlarına bu ilin ortalarında başlanmalıdır. Porsche Cayenne Platinum Edition modelinin baza variantının qiyməti 74352 avrodan (126600 manatdan) başlayacaqdır.
Porsche Cayenne Platinum Edition krossoverinin zahiri görkəmindəki dəyişikliklər qara parlaq elementlərin və yüngül metal qarışıqlarından hazırlanmış 20-düymlük unikal RS Spyder təkər disklərinin quraşdırılmasından ibarətdir. Gox güman ki, Porsche mütəxəssisləri avtomobilin eksteryerində elə də güclü dəyişikliklərə ehtiyacın olmadığını fikirləşiblər.
Bundan başqa, xüsusi modifikasiya daha zəngin avadanlıqla təchiz ediləcəkdir ki, bu avadanlıqların da arasında avtomatik tündləşən arxa görüntü güzgüsü, azərbaycanlı avtomobil həvəskarlarının həsrət qaldığı tünd rəngli arxa şüşələr, ParkAssist sistemi, Power Steering Plus sükan idarəetməsi və Porsche Dynamic Light System bi-ksenon fənərləri vardır.
Xüsusi Platinum Edition modifikasiyasını salonunda başlıqlarına modifikasiyanın adı həkk edilmiş idman oturacaqlarını, Porsche Communication Managment multimedia sistemini, Bose premium səs sistemini və «Platinum Edition» yazısı olan xüsusi kandar lövhələrini görmək olar.
Xüsusi modifikasiya Cayenne Diesel və Cayenne S E-Hybrid variantlarının bazasında təklif ediləcəkdir.
Bildiyimiz kimi, Porssche Cayenne S modeli 262 at qüvvəli 3,0-litrlik dizel mühərriki, Cayenne S E-Hybrid isə tərkibinə 3,0-litrlik turbomühərrik və elektromotor daxil olan hibrid güc aqreqatı ilə təchiz edilir. Bu variantın mühərrikinin gücü 416 at qüvvəsinə bəarabərdir.