Porsche şirkəti Cayenne modelinin iki qoşulan hibrid modifikasiyasını təqdim edib. Porsche Cayenne Turbo S E-Hybrid və Cayenne Turbo S E-Hybrid Coupe modelləri genişləndirilmiş avadanlıq siyahısına və Panamera Turbo S E-Hybrid modelindən tanış olan 680 at qüvvəli hibrid güc qurğusuna sahib olublar.
Porsche Cayenne Turbo S E-Hybrid modelinin güc qurğusunun tərkibinə 550 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərriki, 100 kilovatlıq elektromotor və səkkizpilləli Tiptronic S avtomatik ötürmələr qutusu daxildir. Güc qurğusunun ümumi hasilatı 680 at qüvvəsi və 900 Nm fırlanma anı təşkil edir. Hər iki hibrid krossover 100 km/saat həddini 3,3 saniyəyə toplayır və qarışıq rejimdə 100 kilometrə 3,9 litr yanacaq sərf edir. Krossoverlərin maksimal sürəti 295 km/saatdır.
Elektrik ötürməsi ilə hibridlər 40 kilometr yürüş edir və 135 km/saata qədər sürətlənə bilirlər. 14,1 kilovat-saatlıq litium-ion batareyası baqaj hissəinin döşəməsinin altında yerləşdirilib. 400 voltluq terminaldan batareyanı 2,5 saata, məişət elektrik şəbəkəsindən isə, 6 saata doldurmaq olar. Bu prosesə nəzarəti məlumat-əyləncə kompleksinin displeyi vasitəsi ilə həyata keçirmək olar.
Qoşulan hibridlər standart olaraq yana əyilmələrin qarşısını alan və elektromexaniki stabilizatorlara malik olan Porsche Dynamic Chassis Control (PDCC) sistemi, PTV Plus aktiv arxa differensialı, saxsıdan hazırlanmış əyləc mexanizmləri, 21-düymlük təkər diskləri, Power Steering Plus sükan idarəetməsi və PASM adaptiv üçkameralı pnevmatik asqı sistemi ilə təchiz edilir. Əlavə ödənişlə 22-düymlük diskləri və tam idarələnən şassini sifariş etmək olar.
Yeni hibridlərin kütləvi nümayişi Frankfurt avtosalonunda keçiriləcəkdir. Bayraqdar krossoverləri artıq sifariş etmək mümkündür. Almaniyada Porsche Cayenne Turbo S E-Hybrid 172.604 avrodan, Cayenne Turbo S E-Hybrid Coupe isə, 176.293 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir.