Porsche şirkəti Cayenne S və Cayenne S Diesel modellərini xüsusi Platinum Edition modifikasiyasında təklif etməyə başlamışdır. Avtomobillər eksteryer və interyerin eksklyuziv tərtibatını, həmçinin genişləndirilmiş əlavə avadanlıq siyahısını əldə etmişdir.

Xatırladaq ki, keçən ildən, Platinum Edition eksklyuziv dəsti Porsche Cayenne modelinin benzin, dizel və hibrid variantları üçün təklif edilir. Artıq bu dəst avtomobilin daha güclü Cayenne S və Cayenne S Diesel modifikasiyaları üçün də sifariş etmək mümkündür. Bu avtomobillər üçün nəzərdə tutulmuş dəstin tərkibinə gümüşü rəngli 21-düymlük Sport Edition təkər diskləri, genişləndirilmiş təkər tağları, parlaq qara rəngli elementlər və tündləşdirilmiş arxa şüşələr daxildir. Porsche Cayenne S Platinum Edition və Cayenne S Diesel Platinum Edition modifikasiyaları standart təchizatına alkantaradan işləmələri, geniş elektrik tənzimləmələri və qızdırılması olan qabaq idman oturacaqları, mərkəzi konsolda yerləşdirilmiş mexaniki saat, premium Bose səs sistemi və naviqasiyası olan PCM məlumat-əyləncə kompleksi daxil edilmişdir. 

Bundan əlavə, avtomobillər döngələrin dinamik işıqlandırması olan biksenon fənərlərlə, ön və arxa parktroniklə, həmçinin avtomatik tündləşən arxa görüntü güzgüləri ilə də təchiz ediləcəkdirlər. Texniki cəhətdən krossoverlər dəyişilməz qalmışdırlar. Bildiyimiz kimi, Cayenne S 420 at qüvvəli altı silindrli mühərriklə, Cayenne S Diesel isə 385 at qüvvəli dizel aqreqatı ilə hərəkətə gəlirlər. «Platinum» krossoverləri sifariş etmək istəyənlər, bu xəbər dərc edilən andan Porsche Bakı Mərkəzinə müraciət edə bilərlər.