Porsche Cayenne modelinin ən güclü versiyası olan Cayenne Turbo S E-Hybrid modeli tikintisi tam başa çatmamış trekin sürət rekorduna imza atıb. Avtomobili rekord yürüşü zamanı alman pilotu və teleaparıcısı Tim Şrik idarə edib.

Tim Şrik tikintisi başa çatmamış Gotland Ring trekini 3 dəqiqə 51 saniyəyə qət edib. İsveçdəki trek istismara tam hazır deyil və Porsche Cayenne Turbo S bu trekdə dövrə vuran ilk avtomobil olub. Hələlik, Porsche krossoverinin qeydə aldığı zaman trekin ilk rekordudur.

Trekin 4,2 kilometrlik ilk hissəsində avtomobil adi asfalt örtüyü ilə hərəkət edib, qalan üç kilometri isə, Cayenne torpaq yolda davam edib. İkinci hissəsinin səthi əsasən qum və çınqıldan ibarət olub və hətta, ara-sıra otluq olan sahələrə də rast gəlinib. Bu səbəbdən də, ikinci hissə trekdən daha çox adi kənd yolunu xatırladıb.

Bununla belə, alman istehsalçısı bu rekordu rəsmi olaraq qeydə almaq fikrində deyil və videoçarxdakı mətndə rekord sözünü dırnaq arasında yazıb.